EN

Bakı-Tiflis xətti yeni mərhələyə keçir-Prezidentin səfəri regionun taleyini dəyişə bilər

 

Dövlət başçısı İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva bu gün Gürcüstana səfər edib. Qonaqları bu ölkənin xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər Azərbaycan-Gürcüstan əlaqələrinin daha da inkişaf etməsi baxımından çox yüksək dəyərləndirilir. Xüsusilə, Cənubi Qafqazın iki qonşu ölkəsinin bir-biri ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqları vurğulanır. Eyni zamanda səfər Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi taleyini müəyyənləşdirə biləcək mühüm strateji hadisə kimi qiymətləndirilir. Dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın Tiflisdə yüksək səviyyədə qarşılanması bu münasibətlərin nə qədər dərin, qarşılıqlı etimada əsaslanan və xüsusi əhəmiyyət daşıyan tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha nümayiş etdirir.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov Musavat.com-a bildirdi ki, İlham Əliyevin Gürcüstan səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin strateji mahiyyətini bir daha ön plana çıxardı:

“Bu səfər təkcə diplomatik protokol çərçivəsində qiymətləndirilməməli, əksinə, regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilməlidir:

“Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illərdir qarşılıqlı etimad, strateji əməkdaşlıq və ortaq maraqlar üzərində qurulub. Xüsusilə, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr, regionun iqtisadi xəritəsini dəyişən təşəbbüslər bu əlaqələrin praktik nəticəsidir. Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız iki ölkə üçün deyil, Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm rol oynayır.
Vüqar

Bu səfər çərçivəsində müzakirə olunan məsələlər əlaqələrin daha geniş spektrdə inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi, Orta Dəhlizin funksionallığının artırılması və ticarət dövriyyəsinin genişləndirilməsi əsas prioritetlər sırasındadır. Bu baxımdan Gürcüstan Azərbaycanın Qərbə açılan əsas qapısı rolunu oynayırsa, Azərbaycan da Gürcüstan üçün etibarlı enerji təminatçısı və regionda sabitliyin əsas dayaqlarından biridir.

Eyni zamanda, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması regionda sabitliyin qorunmasına xidmət edir. Cənubi Qafqaz kimi həssas bir bölgədə Bakı-Tiflis xəttinin güclü olması yalnız ikitərəfli münasibətləri deyil, ümumilikdə regional təhlükəsizlik arxitekturasını da möhkəmləndirir.

Nəticə etibarilə, İlham Əliyevin Gürcüstana səfəri Azərbaycan-Gürcüstan dostluğunun və strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və regionda sabitliyin gücləndirilməsinə mühüm töhfə verən siyasi hadisədir. Bu münasibətlər gələcəkdə də artan dinamika ilə inkişaf edərək həm iki ölkənin, həm də bütövlükdə Cənubi Qafqazın rifahına xidmət edəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
13
musavat.com

1Sources