EN

Belə yerlərdə tikilən evlər kütləvi şəkildə sökülə bilər AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında uzun müddət əvvəl kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb. Aidiyyəti qurumlar tərəfindən artıq həmin ev sökülüb. Buna səbəb normadan artıq yağan yağışların səbəb olduğu subasmadır.Belə ərazilərdə yerləşən evlərin sökülməsi prosesi kütləvi xarakter ala bilərmi və bu zaman sakinlərin hüquqları necə qorunacaq?Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə dəfələrlə müzakirələr gedib, müxtəlif səviyyələrdə danışıqlar aparılıb, lakin indiyədək konkret və nəticəyönümlü addımlar atılmayıb:“Son günlərdə baş verən intensiv yağıntılar isə bu mövzunu yenidən gündəmə gətirib və onun aktuallığını bir daha açıq şəkildə ortaya qoyub. Mövcud vəziyyət göstərir ki, Bakı və Abşeron ərazisində kanalizasiya sistemlərinin əhəmiyyətli dərəcədə yenilənməsinə, müasir tələblərə uyğun şəkildə yenidən qurulmasına ciddi ehtiyac var. Bu istiqamətdə gecikmədən, sistemli və kompleks yanaşma ilə mühüm işlər görülməlidir. Əks təqdirdə, bu problem qısa müddət ərzində paytaxt üçün daha genişmiqyaslı və ciddi fəsadlara yol aça bilər. Bu baxımdan, ilk növbədə diqqət yetirilməli əsas məsələlərdən biri infrastrukturun inkişafına maneə törədən sənədsiz tikililərlə bağlı vəziyyətdir”. O qeyd edib ki, bu tikililər bir çox hallarda kommunikasiya xətlərinin, o cümlədən kanalizasiya sistemlərinin düzgün qurulmasına və istismarına ciddi çətinliklər yaradır:“Lakin bununla yanaşı qeyd olunmalıdır ki, bəzi dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlar, xüsusilə də sərt və planlaşdırılmamış müdaxilələr cəmiyyətdə ciddi narazılığa, hətta kütləvi etirazlara səbəb olur. Bu cür yanaşmanı düzgün hesab etmirəm və düşünürəm ki, məsələyə daha həssas, mərhələli və sosial amillər nəzərə alınmaqla yanaşmaq vacibdir. Bununla belə, mövcud problemlərin həlli üçün operativ tədbirlərin görülməsi qaçılmazdır. Qısa müddət ərzində bu sahə üzrə xüsusi komissiya yaradılmalı və həmin komissiya tərəfindən sistemli, şəffaf və əsaslandırılmış fəaliyyət həyata keçirilməlidir. İnfrastrukturun inkişafına və mövcud sistemlərin normal və təhlükəsiz istismarına mane olan tikililərin müəyyənləşdirilməsi aparılmalı və onların aradan qaldırılması ilə bağlı konkret qərarlar qəbul edilməlidir. Bu proses hüquqi çərçivədə, sosial ədalət prinsipləri qorunmaqla və vətəndaşların maraqları nəzərə alınaraq həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, fövqəladə hallar baş verdikdən sonra görülən tədbirlər, məsələn, tikililərin təcili şəkildə sökülməsi, ətrafdakı digər evlərə və obyektlərə də ziyan vurmaq riskini artırır. Bu isə problemi daha da dərinləşdirə və əlavə çətinliklər yarada bilər. Buna görə də belə addımlar qabaqlayıcı şəkildə, əvvəlcədən planlaşdırılaraq və texniki təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilməlidir. Bu istiqamətdə fəaliyyət epizodik xarakter daşımamalı, əksinə, davamlı və strateji əsaslara söykənməlidir. Xüsusi komissiya bu sahədə ciddi və ardıcıl fəaliyyət göstərməli, paytaxt ərazisində kanalizasiya infrastrukturunun inkişafı və modernləşdirilməsi ilə bağlı qısa müddətdə konkret qərarlar qəbul olunmalı və bu qərarların icrası təmin edilməlidir. Yalnız bu halda mövcud problemlərin qarşısını almaq və gələcəkdə daha ciddi fəsadların yaranmasının qarşısını almaq mümkün olacaq”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
demokrat.az

1Sources