EN

Zelenski Ərdoğanın təyyarəsində: İki türk ölkəsi hədəf seçilir – Bakıya xüsusi mesaj

“Yaxın Şərqdə artan gərginlik fonunda Rusiya-Ukrayna müharibəsində dəyişən heç nə yoxdur. Rusiya işğal ərazisini genişləndirməyə, Ukrayna isə müqavimət gücünü artırmağa çalışır. Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmayıb. Kiyev ABŞ və Avropa istiqamətləriylə yanaşı, Avrasiya qitəsini, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Poitoloq qeyd edib, Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 4-də Türkiyəyə səfəri də bundan xəbər verir:

“Ankarada iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Zelenskinin sözlərinə görə, hər iki ölkənin mütəxəssisləri təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin detallarını araşdıracaqlar. Bundan başqa, iki ölkənin lideri qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə edib. Volodimir Zelenskinin daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə Suriyaya səfər etməsi də diqqət çəkib. Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.

Volodimir Zelenski Türkiyədə və Suriyada müzakirələr apararkən, onun komandasının digər üzvləri Avrasiya bölgəsinin digər ölkələrinə səfərlər ediblər. Məsələn, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko (ölkəsinin Azərbaycandakı keçmiş səfiri) Qazaxıstan və Özbəkistana səfər edib. Mişenko bölgəni yaxşı tanıyır. O, Ukraynanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinə əhəmiyyət verən diplomatlardandır. Oleksandr Mişenko Azərbaycanın Ukraynanın davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Ukraynalı diplomat Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır. “Biz Azərbaycanın Ukraynaya etdiyi yaxşılığı unutmayacağıq” – deyən Mişenko, bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur”.

Poliotoloq bildirib ki, Oleksandr Mişenko ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib:

“Kiyev Azərbaycanla yanaşı, bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var.

Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Yəni Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı (Aİ) və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrdən də faydalanmaq istəyirlər.

İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi və Türk Dövlətləri Təşkilatının (TDT) regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub.Elxan Şahinoğlu

Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdirlər. Ukraynanın həmçinin Mərkəzi Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana səfər edərək tərəfdaşları, müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar. Bu arada, Kiyevin Transxəzər marşrutuna marağı artıb. Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib”.

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan illərdir ukraynalı uşaqların reabilitasiyasına dəstək verir və onlar üçün xüsusi proqramlar hazırlayır:

“Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidən qurulmasında iştirakı mümkündür.

Beləliklə, Oleksandr Mişenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb. Bununla Kiyev Avrasiya bölgəsinin enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmədiyini göstərir”.

Chosen
2
7
konkret.az

10Sources