Bakı, 6 aprel, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən ikinci görüşü yalnız protokol xarakterli tədbir deyil, eləcə də təşkilatın institusional inkişafında yeni mərhələ kimi qiymətləndirilməlidir. Belə ki, hər zaman əsas diqqət dövlət başçılarının Zirvə görüşlərinə yönəlirdisə, indi icraedici hakimiyyət qollarının prosesə daha fəal cəlb olunması qəbul edilən qərarların praktik icrasını sürətləndirə bilər. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, görüş Türk dünyasında siyasi həmrəyliyin iqtisadi və inzibati mexanizmlərlə tamamlanması istiqamətində atılmış mühüm addımdır. Bakının bu görüşə ev sahibliyi etməsi isə Azərbaycanın TDT daxilində artan rolunu bir daha nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, Azərbaycanın həm coğrafi mövqeyi, həm enerji resursları, həm də nəqliyyat-kommunikasiya imkanları təşkilatın inteqrasiya gündəliyində mərkəzi yer tutur. Xüsusilə də Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yük daşımalarının artırılması və Şərq-Qərb marşrutlarının təhlükəsizliyinin təmin olunması fonunda Bakı artıq, sadəcə, siyasi platforma deyil, həmçinin logistika və iqtisadi koordinasiya mərkəzinə çevrilməkdədir. Görüşdə nəqliyyat, logistika, gömrük prosedurlarının uyğunlaşdırılması və rəqəmsallaşdırma məsələlərinin xüsusi yer tutması da buna bariz nümunədir. Azərbaycan üçün bu platformanın ən mühüm üstünlüklərindən biri də ölkəmizin regional tranzit və enerji mərkəzi statusunun daha da güclənməsidir. Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizinin perspektivi Türk dövlətlərini birləşdirən iqtisadi xəttin əsas komponentləri kimi çıxış edir. Belə bir şəraitdə TDT daxilində vahid gömrük sisteminin, rəqəmsal ticarət platformalarının və sərhəd prosedurlarının sadələşdirilməsinin təşviqi Azərbaycanın milli maraqlarını birmənalı şəkildə əks etdirir. Çünki bu, ölkəmizin tranzit gəlirlərini artırmaqla yanaşı, Azərbaycanın regionda strateji çəkisini də yüksəldir.
“Görüşdə enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması da təsadüfi deyil. Son illərdə Avropa və Asiya bazarlarında enerji təhlükəsizliyi məsələsinin aktuallaşması türk dövlətləri arasında enerji əməkdaşlığını daha da vacib amilə çevirib. Azərbaycan qaz və elektrik enerjisi ixrac edən ölkə kimi burada aparıcı rol oynayır. Qazaxıstanın və Türkmənistanın enerji potensialı, Türkiyənin tranzit imkanları və Azərbaycanın ixrac marşrutları birlikdə daha geniş enerji platformasının formalaşdırılmasına imkan yaradır. Ona görə də türk dövlətləri arasında vahid enerji bazarının yaradılması perspektivi artıq siyasi bəyanat mərhələsindən çıxaraq iqtisadi zərurətə çevrilib.
TDT-nin gələcək inkişafı baxımından diqqət çəkən əsas məqamlardan biri də təşkilatın tədricən funksional inteqrasiya modelinə keçməsidir. Avropa İttifaqında olduğu kimi ticarət maneələrinin aradan qaldırılması, gömrük prosedurlarının sadələşdirilməsi, kapital və yük dövriyyəsinin asanlaşdırılması türk dövlətləri üçün uzunmüddətli strateji hədəf kimi görünür. Hazırda bu istiqamətdə tam inteqrasiyadan danışmaq tez olsa da, ortaq layihələrin artması, iqtisadi koordinasiyanın güclənməsi və institusional mexanizmlərin formalaşdırılması TDT-ni, sadəcə, mədəni platformadan çıxarıb geoiqtisadi mərkəzə çevirmək potensialına malikdir. Eləcə də TDT-nin güclənməsi regionda bəzi xarici güclərin diqqətini və narahatlığını artırır. Xüsusilə Mərkəzi Asiyada təsir imkanlarını qorumağa çalışan Rusiya, bölgəyə daha fəal daxil olmaq istəyən Avropa İttifaqı və Çin üçün türk dövlətlərinin koordinasiyasının artması yeni geosiyasi reallıq yaradır. Buna görə də təşkilatın inkişafı yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Şimali Kipr Türk Respublikasının və Türkmənistanın nümayəndələrinin görüşdə iştirakı da təşkilatın genişlənən təsir coğrafiyasını göstərən mühüm məqamdır. Bu TDT-nin gələcəkdə daha geniş siyasi və iqtisadi platformaya çevrilmək niyyətində olduğunu göstərən mühüm mesajdır”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq əlavə edib ki, Bakıda keçirilən TDT-yə üzv ölkələrin hökumət başçılarının/Vitse-prezidentinin görüşü təşkilatın yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Əsas fərq ondan ibarətdir ki, artıq söhbət yalnız ortaq tarix, dil və mədəniyyətdən getmir. Hazırkı mərhələdə gündəlikdə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, rəqəmsal transformasiya və vahid regional bazarın formalaşdırılması kimi konkret məsələlər dayanır. Azərbaycan üçün isə bu proses həm siyasi nüfuzun artması, həm iqtisadi dividendlərin dəyərləndirilməsi, həm də əməkdaşlığın möhkəmləndirilməsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır.