BAKI, 6 aprel. TELEQRAF
“Yaxın Şərqdə artan gərginlik fonunda Rusiya-Ukrayna müharibəsində dəyişən heç nə yoxdur. Rusiya işğal ərazisini genişləndirməyə, Ukrayna isə müqavimət gücünü artırmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmayıb:
“Kiyev ABŞ və Avropa ilə yanaşı, Avrasiya qitəsini, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 4-də Türkiyəyə səfəri də bundan xəbər verir. Ankarada iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Zelenskinin sözlərinə görə, hər iki ölkənin mütəxəssisləri təhlükəsizlik sahəsində əməkdaşlığın genişlədirilməsinin detallarını araşdıraracaq. Bundan başqa, iki ölkənin liderləri qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi və qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə edib.

Volodimir Zelenskinin Türkiyə Prezidentinin təyyarəsi ilə Suriyaya səfəri də diqqət çəkib. Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
Zelenki Türkiyə və Suriyada müzakirələr apararkən, komandasının digər üzvləri Avrasiya bölgəsinin digər ölkələrinə səfərlər ediblər. Buna misal kimi Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun (Azərbaycandakı keçmiş səfir) Qazaxıstan və Özbəkistana səfərini göstərmək olar. Mişenko bölgəni yaxşı tanıyır. O, Ukraynanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinə önəm verən diplomatlardandır.
Oleksandr Mişenko Azərbaycanın Ukraynaya davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Ukraynalı diplomat Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır: “Azərbaycanın Ukraynaya yaxşılığını unutmayacağıq”.
Mişenko bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur”.
Elxan Şahinoğlu xatırladıb ki, Oleksandr Mişenko bu ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib:
“Kiyev Azərbaycanla yanaşı, bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Regional dövlətlər Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı, o cümlədən Ukrayna ilə siyasi-iqtisadi əlaqələrdən bəhrələnmək istəyirlər. İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri və Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub.
Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdir. Ukraynanın həmçinin Mərkəzi Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana da səfər edərək, tərəfdaşları və müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar.
Kiyevin Transxəzər marşrutuna da marağı artıb. Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib.
Azərbaycan illərdir müharibədən əziyyət çəkən ukraynalı uşaqların reablitasiyasına dəstək verir, onlar üçün xüsusi proqramlar hazırlayır. Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidənqurulmasında iştirakı mümkündür”.
Politoloq əlavə edib ki, Mişenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb: “Kiyev bununla Avrasiyanın enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmədəyini göstərir”.