EN

Serbiyada qaz infrastrukturuna yaxın ərazidə partlayıcı maddələr aşkar edilib

Budapeşt, 5 aprel, AZƏRTAC

Serbiyanın şimalında yerləşən Madarkanija (Magyarkanizsa) bölgəsində strateji əhəmiyyətli qaz infrastrukturunun yaxınlığında partlayıcı maddələrə bənzər şübhəli obyektlər aşkar edilib.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı genişmiqyaslı təhlükəsizlik əməliyyatı başladılıb.

Məlumata görə, səhər saatlarından etibarən Serbiya polisi, hərbi polis və ordu bölmələri əraziyə cəlb olunub. Əməliyyatda helikopterlər, dronlar, kinoloji qruplar və istehkamçılar iştirak edir. Bir neçə yaşayış məntəqəsində yollar bağlanıb və hərəkət məhdudlaşdırılıb.

Rəsmi açıqlamalara əsasən, əməliyyatın məqsədi əhalinin təhlükəsizliyinə və regiondakı kritik infrastruktur obyektlərinə təhdid yarada biləcək qanunsuz maddələrin aşkarlanmasıdır. Yerli prokurorluğun icazəsi ilə aparılan axtarış tədbirləri davam edir.

Serbiya Prezidenti Aleksandar Vuçiç vəziyyətlə bağlı Macarıstanın Baş naziri Viktor Orbanı məlumatlandırıb. Orban isə hadisədən sonra Budapeştdə fövqəladə müdafiə şurasının iclasını çağırıb.

Mediada yayılan məlumatlara görə, tapılan maddələr qaz kəmərinə yaxın ərazidə yerləşdirilib və ehtimal olunan partlayış ciddi enerji təchizatı problemlərinə səbəb ola bilərdi. Hadisə mümkün təxribat və ya terror cəhdi kimi araşdırılır, lakin hələlik şübhəlilər və motiv barədə rəsmi məlumat verilməyib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Chosen
18
2
azertag.az

3Sources