Netanyahu İranla bağlı yanlış və ya təhrif olunmuş kəşfiyyat məlumatları verməkdə ittiham etdiyi quruma öz adamını təyin etdirə bilmir
İsrailin ən güclü və qapalı təhlükəsizlik qurumlarından biri olan Mossad hazırda ciddi rəhbərlik böhranı ilə üz-üzədir. Musavat.com “Regnum”a istinadən xəbər verir ki, formal olaraq qurumun rəhbəri hələ də vəzifədə olsa da, real idarəetmə mexanizmləri faktiki olaraq iflic vəziyyətinə düşüb. Bu vəziyyət isə təkcə şəxsi qarşıdurmaların deyil, həm də siyasi ambisiyaların nəticəsi kimi qiymətləndirilir.
Mövcud böhranın mərkəzində baş nazir Benyamin Netanyahu ilə Mossad direktoru David Barnea arasında yaranmış dərin fikir ayrılığı dayanır.

“Regnum” yazır ki, 2026-cı ilin martında münasibətlər açıq qarşıdurma mərhələsinə keçib. Netanyahu Mossadı İranla bağlı yanlış və ya təhrif olunmuş kəşfiyyat məlumatları verməkdə ittiham edib. Onun sözlərinə görə, bu səhvlər İsrailin tələsik hərbi qərarlar qəbul etməsinə və nəticədə çətin vəziyyətə düşməsinə səbəb olub.
Barnea isə ittihamları cavabsız qoymayıb. O, baş nazirin özünü və siyasi qərarlarını hədəfə alıb. Bu qarşılıqlı hücumlar nəticəsində Netanyahu faktiki olaraq Mossad rəhbərini qərarvermə prosesindən uzaqlaşdırıb. Beləliklə, qurumun formal rəhbəri olsa da, real idarəçilik boşluğu yaranıb.
Məhz bu fonda Netanyahu özünə daha yaxın fiqur olan Roman Hoffmanın namizədliyini irəli sürüb. Baş nazir onu Mossad-n gələcək rəhbəri kimi görür və artıq bu təyinatı faktiki olaraq həll olunmuş məsələ hesab edir. Lakin proses gözlənilməz maneələrlə qarşılaşıb.
Hoffmanın keçmişi onun qarşısında ciddi problemə çevrilib. Xüsusilə 2024-cü ildə baş vermiş və “Uri Elmakayes işi” kimi tanınan qalmaqal yenidən gündəmə gətirilib. Bu işdə Hoffmanın məxfi məlumatların sızdırılması üçün qeyri-qanuni üsullardan istifadə etdiyi iddia olunur. Məhkəmə prosesi formal olaraq onun xeyrinə bitsə də, məsələ tam bağlanmış hesab edilmir.
Bu səbəbdən İsraildə yüksək vəzifəli təyinatları yoxlayan “Qrunis Komissiyası” Hoffmanın namizədliyinə ehtiyatla yanaşır. Komissiya əlavə hüquqi rəy tələb edib və proses uzanmağa başlayıb. Üstəlik, bu rəyin verilməsində mühüm rol oynayan hüquq məsləhətçisi Qali Baharav-Miara ilə Netanyahunun münasibətləri kəskin gərgindir. Bu isə qərarın siyasi çalar alması riskini artırır.
Beləliklə, Mossad paradoksal vəziyyətə düşüb: köhnə rəhbər kənarlaşdırılıb, yeni rəhbər isə hələ təsdiqlənməyib. Bu isə dünyanın ən aktiv kəşfiyyat qurumlarından biri üçün ciddi təhlükə deməkdir. Çünki belə bir dövrdə – İranla gərginlik, regional münaqişələr və qlobal təhlükəsizlik riskləri fonunda – kəşfiyyat boşluğu strateji səhvlərə yol aça bilər.
Bütün bunlara baxmayaraq, Netanyahu geri çəkilmək niyyətində deyil. O, əvvəlki təcrübələrdə olduğu kimi, alternativ namizədləri zəiflədərək Hoffmanın yolunu açmağa çalışır. Vaxt isə onun xeyrinə işləyir: Barneanın səlahiyyət müddəti 1 iyunda başa çatır və bu tarixə qədər yeni rəhbər təyin olunmasa, Mossad rəsmi olaraq “başsız” qalacaq.
Hazırkı vəziyyət göstərir ki, məsələ təkcə kadr dəyişikliyi deyil. Bu, İsrail daxilində təhlükəsizlik strukturları üzərində nəzarət uğrunda gedən daha geniş siyasi mübarizənin tərkib hissəsidir. Mossad ətrafında baş verənlər isə bu mübarizənin ən həssas nöqtəyə çatdığını nümayiş etdirir.
Musavat.com