İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ABŞ-ın Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsi olmadığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında vurğulanıb.
Məlumata görə, İran bu hadisəni pisləyir və İran silahlı qüvvələrinin ünvanına səsləndirilən ittihamları əsassız hesab edir.
Daha əvvəl "Wall Street Journal" xəbər vermişdi ki, martın 3-də İranın pilotsuz uçuş aparatları ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə hücum edib. Nəşrin məlumatına görə, iki dron Ər-Riyadın hava hücumundan müdafiə sistemlərindən yan keçərək kompleksin ərazisinə daxil olub və təxminən 12 saat davam edən yanğına səbəb olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.