Bakının mərkəzində yerləşən və paytaxtın memarlıq incilərindən sayılan Nizami Kino Mərkəzi vandalizm hadisəsinin hədəfinə çevrilib. Bir qrup gəncin binanın fasadına boya ilə yazılar yazması və müxtəlif təsvirlər çəkməsi cəmiyyətdə narazılıqla qarşılanıb.
Hadisə aprelin 1-dən 2-nə keçən gecə Bülbül prospekti 20 ünvanında qeydə alınıb. Şahidlərin sözlərinə görə, naməlum şəxslər tarixi binanın divarlarını qəsdən korlayaraq şəhərin estetik görünüşünə ciddi zərər vurublar.
Maraqlıdır, tarixi abidəyə zərər vuran şəxsləri qanun qarşısında hansı cəza gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, bu cür əməllər qanunvericilikdə ciddi məsuliyyət yaradır.

Ramil Süleymanov
“Mülki Məcəllənin 30-cu maddəsinə əsasən, 14-18 yaş arası şəxslər vurduqları zərərə görə birbaşa məsuliyyət daşıyırlar və zərərin ödənilməsi onların üzərinə düşür. Əgər onların maddi imkanı olmazsa, dəymiş zərər valideynlərin vəsaiti hesabına qarşılanır”.
Hüquqşünas qeyd edib ki, söhbət dövlət mülkiyyətində olan tarixi abidədən getdiyi üçün xüsusi komissiya tərəfindən dəymiş ziyan qiymətləndiriləcək.
“Əgər hadisədə əmlakı qəsdən zədələmə və ya məhv etmə faktı təsdiqlənərsə, təqsirkar şəxslər cinayət məsuliyyətinə də cəlb oluna bilərlər.
Mədəni irsin qorunması yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin ümumi məsuliyyətidir. Qanunun sərt üzü bu cür halların qarşısının alınmasında əsas mexanizmdir”.
Aynurə İsmayıl
KONKRET.az