Gürcüstan hakimiyyəti İranın Tiflisdəki səfirinin açıqlamasına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, parlamentin sədri Şalva Papuaşvili ölkəsinin başqa dövlətlərin öz aralarındakı qarşıdurmanı həll etdiyi məkan olmayacağını açıq şəkildə bəyan edib.
Məlumata görə, məsələ İranın Gürcüstandakı səfiri Seyid Ali Mocaninin ABŞ-yə baza və ya hava məkanı verən ölkələrin “gec-tez bunun bədəlini ödəyəcəyi” barədə səsləndirdiyi fikirlərdən sonra gündəmə gəlib. Ardınca diplomat 2 aprel tarixində Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu görüşün baş tutduğunu İran səfiri də təsdiqləyib və danışığın “konstruktiv” keçdiyini bildirib.
Şalva Papuaşvili isə bildirib ki, İran-ABŞ münasibətlərinin gərgin olması başadüşüləndir, lakin heç kim Gürcüstan ərazisindən və bu ölkədəki mövcudluğundan öz münasibətlərini aydınlaşdırmaq üçün istifadə etməməlidir. Onun sözlərinə görə, Gürcüstanın sülh siyasəti hamı üçün şəffafdır.
Musavat.com