EN

Bir yaponun ehtiramı və bizim ulduz xəstəliyimiz

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bəzən bir hərəkət minlərlə sözdən daha çox şey ifadə edir. Ötən günlərdə Türkiyənin məşhur intellektual yarışmasında bir yapon iştirakçının studiyaya daxil olduğu an etdiyi hərəkət, təkcə aparıcı Oktar Kaynarcanın deyil, ekran başındakı milyonlarla insanı da heyrətə saldı. Yapon iştirakçının yerə uzanaraq başını yerə əyməsi və bunu ən ali hörmət əlaməti kimi təqdim etməsi, sadəcə bir "şou" deyildi. Bu, bir mədəniyyətin manifesti idi.

Bir çoxumuz üçün bu davranış qəribə, hətta həddindən artıq görünə bilər. Lakin yapon mədəniyyətində "Doqeyza" (yerə diz çöküb alnını yerə qoymaq) ən dərin hörmətin, minnətdarlığın və ya səmimi üzrxahlığın ifadəsidir. Bu iştirakçı əslində bizə deyirdi ki, "mən sizin mühitinizə, sənətinizə və şəxsiyyətinizə o qədər dəyər verirəm ki, özümü sizin qarşınızda tamamilə kiçildirəm".

Bu, eqonun sıfırlandığı, insani dəyərlərin uca tutulduğu bir andır. Bu hadisəni izləyərkən istər-istəməz yerli məşhurlarımızı, efirə çıxan iştirakçılarımızı göz önünə gətiririk. Bizdə çox vaxt studiyaya daxil olan şəxs (istər müğənni olsun, istər adi iştirakçı) elə bir hava ilə gəlir ki, sanki dünya onun ətrafında fırlanır. Ayaq-ayaq üstə aşırıb oturmaq, aparıcı ilə yuxarıdan aşağı danışmaq, hər fürsətdə özünü tərifləmək bizim ekranların "normasına" çevrilib.

Yapon iştirakçı bizə xatırlatdı ki, böyüklük təkcə boyla, çəkiylə və ya pulla ölçülmür. Həqiqi hörmət insanın özünü ucaltması deyil, başqasını uca tuta bilməsidir. Mədəniyyət bilikdən öncə gələn bir davranış sənətidir.

Sosial şəbəkələrdə bu görüntülərin sürətlə yayılması təsadüfi deyil. İnsanlar səmimiyyətə acdırlar. Bir insanın heç bir qarşılıq gözləmədən, sadəcə öz köklərinə sadiq qalaraq nümayiş etdirdiyi bu təvazökarlıq, müasir dövrün "özünü bəyənmə" epidemiyasına qarşı bir növ antikordur.

Biz o yapon iştirakçının yerə uzanmasını "qəribəlik" kimi deyil, bir dərs kimi qəbul etməliyik. Texnologiyanın və süni intellektin hökm sürdüyü bu əsrdə, insanı hələ də fərqləndirən yeganə şey onun əxlaqı və qarşısındakına verdiyi dəyərdir.

Bəzən ucalmaq üçün başı dik tutmaq yox, o başı hörmətlə əymək lazımdır. Yapon dostumuz bunu bizə ən gözəl şəkildə nümayiş etdirdi.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
icma.az

1Sources