EN

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub

Bakı, 3 aprel, AZƏRTAC

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.

AZƏRTAC xəbər verir ki, onlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı, 2006-cı ildə İranda anadan olmuş, 2024-cü il sentyabrın 1-dən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Onlar Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxslər tərəfindən müdaxiləyə məruz qalıb.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir.

Hadisə ictimai rəydə ciddi müzakirələrə və kəskin qınağa səbəb olub, şəhərin estetik görünüşünə xələl gətirən bu addımlar vandalizm aktı kimi dəyərləndirilib.

Chosen
32
2
azertag.az

10Sources