EN

Elnarə Akimova: Gənclərimizin üzərində mədəniyyət və maarifin təbliği üçün hələ uzun müddət işləməliyik

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Nizami Kino Mərkəzinin fasadı aprelin 1‑dən 2‑yə keçən gecə naməlum şəxslər tərəfindən boya ilə yazılaraq müdaxiləyə məruz qalıb və müxtəlif sözlər və təsvirlər çəkilib. Hadisə ölkə əhəmiyyətli memarlıq abidəsi olan binanın fasadını zədələdiyi üçün hüquq‑mühafizə orqanlarına dərhal məlumat verilib və araşdırma başlanıb. Məktubun divarına qraffiti çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. polis tərəfindən saxlanılıb və valideynləri ilə birlikdə profilaktik tədbirlər görülür. Qısa zamanda aparılan bərpa işləri sayəsində binanın fasadı ilkin vəziyyətinə qaytarılıb.

Milli Məclisin deputatı Elnarə Akimova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nizami Kino Mərkəzinin divarlarının korlanması, müdaxilələrə məruz qalması, rəsmlərlə və pozucu müdaxilələrlə eybəcər bir hala salınması doğrudan da çox məyusluq doğuran faktlardan biridir.

“Biz uzun illər ərzində erməni vandallığından əziyyət çəkən bir xalq kimi işğal altında olan ərazilərimizdə yerləşən tarixi abidələrimizin eybəcər hala salınmasından və yerlə yeksan edilməsindən hər zaman ürək ağrısı ilə bəhs etmişik. Şəhərin mərkəzində də bu cür hallarla rastlaşanda insan ürək ağrısı yaşayır. Bunu "qrafiti" adlandırırlar. Amerikada və Avropada geniş yayılıb, amma Bakı şəhəri həm üslubuna görə, həm estetik memarlığına, həm arxitekturasına görə qrafitiyə qətiyyən aidiyyatı olmayan bir şəhərdir. Çünki özünün təmiz, nəfis ruhu və estetik üslubu var.

Mən bir faktı deyim: məsələn; Türkoloji Qurultayın 100 illiyini biz bu il qeyd edirik. Amma 100 il əvvəl Bakıda Türkoloji Qurultayın keçirilməsi ilə bağlı şəhər seçilmişdi; rus alimi öz qeydlərində bunu qeyd edib. Həm universitet həyatını saxladığına görə, həm də estetik baxımdan Şərq memarlığını özündə əks etdirən bir şəhər olduğu üçün seçilmişdi. Eyni zamanda gələn qonaqların Bakının müxtəlif ərazilərini ziyarət etməsi – Şirvanşahlar sarayı, İçərişəhər, Atəşgah məbədi, Opera və Balet Teatrında Leyli və Məcnun tamaşasına baxması – şəhərin gözəlliyini yad insanlara ötürmək baxımından önəm daşıyır. Heç təsadüfi deyil ki, Türkoloji Qurultayla bağlı gündəlik yazan alman alimi qeyd edir ki, Opera və Balet Teatrında Leyli və Məcnun tamaşasına baxdıq və teatrın binası o qədər gözəl idi ki, onun dili və nəfis arxitekturası uzun müddət mənim yaddaşımdan silinməyəcək. Yəni biz bu cür mənəvi ucalıqda qərar tutan şəhərimizi və bu diqqətləri insanların yaddaşında uzun müddət saxlayan şəhərimizi qorumaq, yad təsirlərdən və yad davranışlardan müdafiə etmək zorundayıq. Həm təmizliyini, həm estetik üslubunu qorumaq üçün maarifçilik bu gün əsas məsələdir,” – deyə deputat vurğulayıb.

Elnarə Akimova qeyd edib ki, maarifçilikdən əlavə hər kəsin içində bir etalon, bir meyar və bir ölçü həddi olmalıdır: “Hər şeyi qanunlarla tənzimləmək olmaz. İnsanın içində mənəvi və məsuliyyət həddi olmalıdır. Bu sevgini ailədə və məktəbdə formalaşdırmaq lazımdır. Şagirdləri tarixi abidələrə, teatr və tamaşalara aparmaq, bu məkanları və tarixi mənəviyyat ocaqlarını onlar üçün müqəddəs bir mehraba çevirmək vacibdir. Əgər bunu bacarsaq, heç bir zaman həmin abidələr və tarixi məkanlar eybəcər hala salınmayacaq. Mən bunu qəti şəkildə pisləyirəm və hesab edirəm ki, gənclərimizin üzərində mədəniyyət və maarifin təbliği üçün hələ uzun müddət işləməliyik.”

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
50
bizimyol.info

10Sources