EN

TDT də inteqrasiyanın yeni mərhələsi: Bakı görüşü ortaq gələcəyin strateji konturlarını müəyyənləşdirir ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında son illərdə müşahidə olunan çoxşaxəli əməkdaşlıq prosesi artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Tarixi, mədəni və dil birliyinə əsaslanan bu əməkdaşlıq modeli getdikcə daha çox siyasi, iqtisadi və geostrateji məzmun kəsb edərək təşkilatı regionun aparıcı güc mərkəzlərindən birinə çevirir. Bu baxımdan Bakıda keçirilən son görüş Türk dünyasının inteqrasiya prosesində mühüm dönüş nöqtəsi kimi çıxış edir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.

Onun sözlərinə görə, Bakı görüşü yalnız növbəti diplomatik tədbir deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji platformadır.

“Bu görüşdə qəbul edilən qərarlar və səsləndirilən təşəbbüslər təşkilatın institusional güclənməsi və praktik nəticələr əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı görüşündə əsas diqqət çəkən məqamlardan biri təşkilat daxilində iqtisadi inteqrasiyanın sürətləndirilməsi istiqamətində atılan addımlardır. Ticarət dövriyyəsinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vahid logistika platformalarının yaradılması və sərmayə qoyuluşlarının təşviqi kimi məsələlər türk dövlətlərinin iqtisadi gücünü birləşdirərək sinerji effekti yarada bilər. Orta Dəhliz layihəsinin strateji əhəmiyyətini ön plana çəkir. Bu marşrut yalnız nəqliyyat xətti deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan böyük potensiala malik inteqrasiya platformasıdır. Asiya ilə Avropanı birləşdirən bu dəhliz vasitəsilə yükdaşımaların həcminin artması Türk dövlətlərinin qlobal ticarətdə rolunu əhəmiyyətli dərəcədə gücləndirə bilər”, - deyə türkiyəli ekspert vurğulayıb.

Bununla yanaşı, ekspert rəqəmsallaşma və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı bir dövrdə türk dövlətləri bu sahədə geri qalmamaq üçün ortaq texnoloji platformalar yaratmalı, startap ekosistemini inkişaf etdirməli və süni intellekt, “ağıllı şəhər” layihələri kimi istiqamətlərdə birgə təşəbbüslər irəli sürməlidir.

Mehmet Seven humanitar əməkdaşlığın da təşkilatın uzunmüddətli inkişafında mühüm rol oynadığını qeyd edib: “Bu baxımdan tələbə mübadilə proqramlarının genişləndirilməsi, ortaq təhsil layihələrinin həyata keçirilməsi və mədəni tədbirlərin artırılması xüsusi əhəmiyyət kəsb edir. Bakı görüşündə təhlükəsizlik məsələləri də diqqətdən kənarda qalmayıb. Regional sabitliyin qorunması, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə, həmçinin sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi təşkilatın strateji gündəliyinin mühüm hissəsini təşkil edir”.

Mehmet Seven əlavə edib ki, təşkilatın institusional strukturunun daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qərarların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, hüquqi bazanın genişləndirilməsi və daimi fəaliyyət institutlarının effektivliyinin artırılması TDT-nin dayanıqlı inkişafını təmin edə bilər.

Onun sözlərinə görə, qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər, enerji və nəqliyyat marşrutları uğrunda artan rəqabət, həmçinin yeni iqtisadi güc mərkəzlərinin formalaşması fonunda Türk Dövlətləri Təşkilatının rolu daha da aktuallaşır: “Bakı görüşü Türk Dövlətləri Təşkilatının inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu görüş yalnız mövcud əməkdaşlığı möhkəmləndirməklə kifayətlənmir, həm də gələcək üçün konkret strateji istiqamətləri müəyyən edir. Türk dünyası qarşıdakı dövrdə daha sıx inteqrasiya olunaraq həm regional, həm də qlobal səviyyədə daha güclü və təsirli aktor kimi çıxış edəcək”.

Müxbir-Vüqar Qurbanoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
50
azertag.az

10Sources