EN

Neft Fonduna milyardlarla manat əlavə vəsait daxil olacaq ekspert

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 aprel, AZƏRTAC

Dünyada neft qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərinə əhəmiyyətli müsbət təsir göstərir. Gündəlik neft ixracının təxminən 450 min barel səviyyəsində olduğunu və mart ayında neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulan 65 dollardan təxminən 40 dollar yüksək - orta hesabla 105 dollar təşkil etdiyini nəzərə alsaq, ölkə əhəmiyyətli əlavə gəlirlər əldə edib.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib. “Sadə hesablamalara əsasən, qiymət fərqi Azərbaycana gündəlik təxminən 18 milyon dollar əlavə gəlir təmin edir. Aylıq ifadədə isə bu rəqəm 540–550 milyon dollar təşkil edir”, - deyə ekspert qeyd edib. O vurğulayıb ki, qiymət artımı əsasən geosiyasi gərginliklə, xüsusilə Yaxın Şərqdəki münaqişələrlə bağlıdır və bu, Azərbaycanın neft gəlirlərinin təxminən yarım milyard dollar artmasına səbəb olub.

X.Kərimli, həmçinin xatırladıb ki, rəsmi hesablamalara görə, neftin orta illik qiymətinin hər 10 dollar artması ölkə iqtisadiyyatına təxminən 2,2 milyard manat əlavə gəlir gətirir. Bu məbləğin təxminən 8 milyard manatı Dövlət Neft Fondunun gəlirlərinin artmasına, təxminən 4 milyard manatı isə dövlət büdcəsinə vergi daxilolmalarının yüksəlməsinə yönəlir.

Ekspert qeyd edib ki, neftin yüksək qiyməti ölkənin tədiyə balansına müsbət təsir göstərir və ixrac gəlirlərini artırır.

Perspektivlərdən danışan X.Kərimli bildirib ki, mövcud proseslər fonunda neft qiymətlərinin daha da artacağı ilə bağlı proqnozlar qalmaqdadır - hətta 150 və 200 dollaradək. Onun sözlərinə görə, əsas amillər ABŞ və İran arasında qarşıdurma, eləcə də Hörmüz boğazındakı vəziyyətlə bağlıdır. “Gərginlik artarsa, qiymətlər kəskin yüksələ bilər. Əks halda Hörmüz boğazında vəziyyət sabitləşərsə, qiymətlərin azalması mümkündür”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, müxtəlif regionlarda neft infrastrukturuna endirilən zərbələr, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nəticələri və körfəz bölgəsindəki obyektlərə hücumlar qiymətlərin enməsini məhdudlaşdıracaq, çünki ixrac imkanlarının bərpası vaxt tələb edir.

Ümumilikdə onun qiymətləndirməsinə görə, 2026-cı ildə neft qiymətləri yüksək səviyyədə qalacaq və hətta münaqişələr tezliklə başa çatsa belə, onların təsiri bir müddət bazarda hiss olunacaq.

Qeyd edək ki, “Brent” markalı neftin real partiyalar üzrə spot qiyməti 141,36 dollar/barel səviyyəsinə yüksələrək son 18 ilin maksimumuna (2008-ci il qlobal maliyyə böhranından bəri) çatıb. Hərracların əsas sensasiyası fiziki neftin qiyməti ilə birja kotirovkaları arasında yaranan nəhəng fərq olub. Cari bazar qiyməti 141,36 dollar, iyun ayı üzrə “Brent” fyuçerslərinin bağlanış qiymətindən (109,03 dollar/barel) 32,33 dollar yüksək olub. Xarici ekspertlər həyəcan təbili çalırlar: əksər analitik və makroiqtisadçıların istinad etdiyi fyuçers bazarları vəziyyətə nəzarət illüziyası yaradır.

“Fyuçers qiymətləri elə təəssürat yaradır ki, təbii ki, vəziyyət o qədər də gərgin deyil. Halbuki maliyyə bazarı real xammal çatışmazlığını gizlədir və bu çatışmazlıq artıq hər yerdə hiss olunur”, - deyə Böyük Britaniyanın “Energy Aspects” analitik şirkətinin təsisçisi Amrita Sen bildirib. Amrita Sen, misal kimi Avropada topdansatış dizel qiymətlərinin artıq 200 dollar/barel səviyyəsinə çatdığını göstərib.

“Bloomberg”in məlumatına əsasən, hazırda İran nefti misli görünməmiş qiymət dönüşü edib və 2022-ci ilin mayından bəri ilk dəfə olaraq qlobal etalon “Brent” markasına qarşı premiumla ticarət olunmağa başlayıb. İranın əsas ixrac markası olan “Iranian Light Brent”ə nisbətdə müsbət zonaya keçərək barel üzrə 1 dollar premiuma çatıb. Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin əvvəlində İran öz neftini (əsasən Çinə) təxminən 10 dollar endirim ilə satmağa məcbur idi.

Müxbir-Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
50
azertag.az

10Sources