Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində baş verən hadisə zamanı 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü həyat yoldaşı bıçaq xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə xəsarət alanların 2008-ci il təvəllüdlü oğlu olduğu bildirilir. Bu hadisə cəmiyyətdə yeniyetmələrin davranışı, ailədaxili münasibətlər və sosial mühitin təsiri ilə bağlı ciddi suallar doğurub.
Klinik psixoloq və psixoterapevt İlkin Kazımlı QHT.az-a açıqlamasında yeniyetməlik dövründə yaşanan emosional gərginliyin bəzi hallarda ciddi və faciəvi nəticələrə səbəb ola biləcəyini bildirib.
İlkin Kazımlının sözlərinə görə, yeniyetməlik dövrü özü emosional baxımdan kifayət qədər həssas və gərgin mərhələdir. O qeyd edib ki, bu yaş dövründə impulsların idarə olunması tam formalaşmadığı üçün daxili gərginlik, qəzəb və anlaşılmamaq hissi daha yüksək olur.
Psixoterapevt vurğulayıb ki, ailə daxilində uzunmüddətli konfliktlər, emosional uzaqlıq, zorakılıq və sərt, cəza yönümlü tərbiyə modeli uşaqlarda aqressiyanın yığılmasına səbəb olur. Onun fikrincə, zamanla bu yığılan emosiyalar partlayış nöqtəsinə çataraq təhlükəli davranışlara gətirib çıxara bilər.
İ.Kazımlı sözlərinə görə, bəzi yeniyetmələr ailə daxilində özlərini dəyərsiz, eşidilməyən və sıxışdırılmış hiss etdikdə, bu da davranışların daha sərt forma almasına yol açır. O bildirib ki, belə halları yalnız ani emosional partlayış kimi qiymətləndirmək düzgün yanaşma deyil.
“Bu cür hadisələr birdən-birə yaranmır, onlar çox vaxt görünməyən, amma uzun müddət davam edən psixoloji proseslərin nəticəsi olur” – deyə İlkin Kazımlı qeyd edib.
Psixoloq əlavə edib ki, bir çox hallarda hadisələrin arxasında uzun müddət ifadə olunmamış və yığılıb qalmış emosiyalar dayanır. Bununla yanaşı, impuls nəzarəti zəif olan yeniyetmələrdə ani gərginlik və tetikleyici faktorların da faciəvi nəticələrə səbəb ola biləcəyi vurğulanıb.
İlkin Kazımlı bildirib ki, valideynlər uşaqlarda müşahidə olunan bəzi risk siqnallarına xüsusi diqqət yetirməlidirlər. Onun sözlərinə görə, aqressiyanın artması, tez qıcıqlanma, ailədən uzaqlaşma, özünə qapanma və ya həddindən artıq üsyankar davranışlar ciddi xəbərdaredici əlamətlər hesab olunur.
Psixoterapevtin fikrincə, empatiyanın azalması, başqalarının hisslərinə laqeyd münasibət, məktəbdə davranış problemləri və riskli dost mühiti də diqqətdən kənarda qalmamalıdır.
“Əsas məqsəd yalnız baş verən hadisəni düzəltmək deyil, ailə daxilində ünsiyyət modelini dəyişmək və emosiyaların sağlam şəkildə ifadəsini öyrətməkdir” – deyə mütəxəssis vurğulayıb.
İ.Kazımlı onu da qeyd edib ki, belə hadisələrdən sonra psixoloji reabilitasiya təkcə yeniyetmə ilə məhdudlaşmamalı, bütün ailə sistemi ilə birlikdə aparılmalıdır. Onun sözlərinə görə, ilkin mərhələdə təhlükəsizlik və hüquqi məsələlər həll olunmalı, daha sonra isə fərdi psixoterapiya və ailə terapiyası tətbiq edilməlidir.
Psixoterapevt sonda erkən müdaxilə və açıq ünsiyyətin bu kimi risklərin qarşısının alınmasında əsas rol oynadığını xüsusi olaraq vurğulayıb.
Fatimə Nəbiyeva