EN

Almaniyada sərnişin qatarında insident olub, 12 nəfər xəsarət alıb

Berlin, 3 aprel, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində şəhərlərarası sürət qatarında insident baş verib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, 20 yaşlı gəncin sərnişinləri təhdid etdikdən sonra xüsusi pirotexniki vasitələri partlatması nəticəsində 12 nəfər xəsarət alıb. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Hadisə ilə əlaqədar stansiyaya polis əməkdaşları cəlb ediliblər. Həmin şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onun çantasına baxış keçirilərkən əlavə partlayıcı vasitələr və bıçaq aşkarlanıb.

Hadisənin baş verdiyi qatarda 150-dək sərnişinin səyahət etdiyi qeyd edilib. İnsident qatarların hərəkətində gecikmələrə səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Chosen
18
2
azertag.az

3Sources