EN

Azərbaycanın 4 boksçusu Böyük İpək Yolu turnirinə qələbə ilə başlayıb

Bakı, 3 aprel, AZƏRTAC

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinə start verilib.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu mərhələ adlayıb.

Nicat Hüseynov (55 kiloqram) startda İon Plinqanı (Moldova) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Avropa çempionu yekunda 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bu çəkidə Zəlimxan Süleymanov komanda yoldaşı Kənan Babayevi mübarizədən kənarlaşdırıb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Mərhələ adlayan Süleymanovla Hüseynov 1/4 finalda bir-birinə rəqib olublar.

Mahmud Hüseynov (65 kiloqram) gürcüstanlı Zviad Tçotçua döyüşə çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə komanda yoldaşı Zaur Qəhrəmanovla döyüşəcək.

Malik Həsənov (65 kiloqram) da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yiğit Usdan (Türkiyə) üstün olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Həsənov növbəti qarşılaşmasında Levan Demurovini (Gürcüstan) sınağa çəkəcək.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

Chosen
19
9
azertag.az

10Sources