Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat məlumatlarına istinadən Rusiyanın Ukraynanın logistika və su təchizatı sistemlərinə qarşı genişmiqyaslı hücum planlaşdırdığını bəyan edib.
Musavat.com xəbər verir ki, kəşfiyyat tərəfindən əldə edilən gizli sənədlər Kremlin artıq təkcə energetika sektorunu deyil, həm də dəmir yollarını, körpüləri, bəndləri və hidroelektrik stansiyalarını hədəf aldığını sübut edir. Prezidentin sözlərinə görə, Rusiya ordusu xüsusilə içməli su təchizatı sistemlərini, nasos stansiyalarını və təmizləyici qurğuları vuraraq şəhərlərdə humanitar fəlakət yaratmağı hədəfləyir. "Ruslar logistikaya — dəmir yollarına və su təchizatına zərbə endirəcəklər. Bütün bunlar ciddi infrastruktur obyektləridir və Ukrayna Silahlı Qüvvələri yerli hakimiyyət orqanları ilə birlikdə artıq bu təhdidlərin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib," — deyə Zelenski vurğulayıb.
Bildirilir ki, Rusiyanın hədəf dəyişikliyi həm hərbi loqistikanı iflic etmək, həm də mülki əhali arasında ümidsizlik yaratmaq məqsədi daşıyır. Hazırda Ukraynanın müxtəlif bölgələrində strateji obyektlərin müdafiəsi üçün əlavə təhlükəsizlik tədbirləri görülür və tərəfdaş ölkələrdən bu cür terror hücumlarının qarşısını almaq üçün daha güclü hava hücumundan müdafiə sistemləri tələb olunur.
Musavat.com