EN

Belçika mediasında Azərbaycanlı yazıçının romanı haqda məqalə gedib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Görkəmli yazıçı-dramaturq Seyran Səxavətin 80 illik yubileyi ərəfəsində onun məşhur “Daş evlər” romanı Belçika mediasında təhlil olunub.

Bizimyol.info xəbər verir ki, Belçikanın “Atunis Poetry” saytında müəllif Təranə Turan Rəhimlinin bu barədə məqaləsi yayımlanıb.

Müəllif yazır ki, Azərbaycan ədəbiyyatında məkan anlayışı heç vaxt yalnız hadisələrin baş verdiyi fiziki koordinatlar sistemi ilə məhdudlaşmayıb. Əksinə, o, insan taleyinin, sosial münasibətlərin və kollektiv şüurun formalaşmasında iştirak edən ontoloji və semantik struktur kimi çıxış edib. Xüsusilə XX əsrin sonu və XXI əsrin əvvəllərində yazılmış nəsr əsərlərində məkan passiv fon olmaqdan çıxaraq, ideoloji, psixoloji və fəlsəfi ölçüləri özündə birləşdirən dinamik və çoxqatlı sistem kimi təqdim olunur:

“Bu kontekstdə Seyran Səxavətin “Daş evlər” romanı Azərbaycan ədəbiyyatında məkanın fəlsəfi-estetik funksiyasını sistemli şəkildə əks etdirən mühüm nümunədir. Romanda məkan yalnız təsviri element deyil, həm də sosial yaddaşın daşıyıcısı, kollektiv travmaların və tarixi təcrübələrin kodlaşdırıldığı simvolik sahə kimi çıxış edir. “Daş evlər”də məkan obrazı, xüsusilə daş konstruksiyalar vasitəsilə davamlılıq və yaddaş, həmçinin sərtlik və dəyişməzlik ideyalarını ehtiva edən ikili semantik struktur yaradır”.

Müəllif həmçinin belçikalı oxuculara Seyran Səxavətin özü, keçdiyi yol barədə məlumat verir. Məqalədə qeyd olunur ki, görkəmli azərbaycanlı yazıçı 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Uşaqlıq və gənclik illəri də kənd mühitində keçib. Onun bədii dünyagörüşündə insan və məkan münasibətlərinin rolu böyük olub. Bu üzdən Azərbaycan kənd həyatının sosial-mədəni reallıqları yaradıcılığında da əsas motivlər kimi çıxış edir. Orta təhsilini başa vurduqdan sonra Füzuli şəhərindəki məktəbdə direktor müavini kimi fəaliyyəti ona sosial mühiti daha yaxından müşahidə etmək və insan münasibətlərini təhlil etmək imkanı yaradıb.

1964–1970-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 1970–1972-ci illərdə Sovet Ordusunda xidmət edərkən SSRİ Müdafiə Nazirliyində fars dili tərcüməçisi kimi çalışması ona müxtəlif sosial və ideoloji mühitləri müşahidə etmək imkanı verib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat və incəsənət”, “Ulduz” kimi mətbuat orqanlarında fəal ədəbi fəaliyyət göstərib.

Bu təcrübə onun publisistik düşüncəsini zənginləşdirib, romanlarında sosial-psixoloji dərinliyin və hadisələrin məkan-zaman çərçivəsində realizminin güclənməsinə təsir edib.

Təhlilçi məqalədə vurğulayır ki, bütün bu həyat təcrübəsi “Daş evlər” romanında məkanın yalnız fiziki koordinat kimi deyil, insan taleyini və kollektiv yaddaşı əks etdirən ontoloji sahə kimi təqdim olunmasına şərait yaradıb. Roman həm məkanın fəlsəfi-estetik funksiyasını açır, həm də Azərbaycan nəsrində xronotop və sosial yaddaş dialoqunun sistemli təhlili üçün zəmin yaradır.

Romanda məkan hadisələrin baş verdiyi mühit olmaqla yanaşı, zamanın, kollektiv yaddaşın və insan taleyinin daşıyıcısı kimi təqdim olunur. Əsərin əvvəlində məhəllənin təsviri sadə gündəlik panorama kimi görünə bilər. Lakin daha dərindən baxdıqda bu məkanın yalnız coğrafi koordinat deyil, kollektiv yaddaşın maddiləşmiş və bədii konkretləşmiş forması olduğu aydınlaşır.

Müəllif bunu belə ifadə edir: “Çoxmərtəbəli binalar daş evləri qaşın ətrafına düzülmüş halqa kimi əhatə etmişdi”. Bu təsvir şəhər transformasiyası ilə yanaşı, zamanın dialoqunu - keçmişlə bu günün qarşıdurmasını simvolizə edir. Daş evlər həm fiziki obyekt, həm də sosial-mənəvi sabitliyin və kollektiv yaddaşın simvoludur.

Romandakı müxtəlif epizodlar da yada salınır: “Dadaşın Əbiş tərəfindən cəzalandırılması və ya alça ağacı ətrafında baş verən gərginliklər məkanın sosial və psixoloji hadisələrin katalizatoru olduğunu göstərir. Bu isə məkanın yalnız fon deyil, fəlsəfi-estetik sistem olduğunu sübut edir”.

Müəllif yada salır ki, bu yanaşma dünya ədəbiyyatında da müşahidə olunur: Dostoyevskinin “Cinayət və cəza” əsərində Peterburq məkanları, Balzakın “İnsan komediyası”nda Paris küçələri oxşar funksiyanı yerinə yetirir.

Romanda zaman həm dairəvi, həm də statik xarakter daşıyır. Şəhər dəyişsə də, daş evlər dəyişməz qalır və kollektiv yaddaşı qoruyur. Bu isə Halbvaksın sosial yaddaş nəzəriyyəsi ilə səsləşir:

“Zəkiyyə xalanın daxili ziddiyyətləri, Şükufənin hisslərini ifadə edə bilməməsi məkanın sosial təzyiq mexanizmi kimi çıxış etdiyini göstərir. Məkan fərdi azadlıqla sosial norma arasında qarşıdurma sahəsinə çevrilir”.

Təhlilçi vurğulayır ki, əsərdəki daş evlər kollektiv davamlılıq və mənəvi sabitlik simvoludur, yeni tikililər isə dəyişiklik və ideoloji təzyiqi təmsil edir. Bu qarşıdurma Orxan Pamukun “Qara kitab” əsərindəki İstanbul məkanları ilə müqayisə oluna bilər.

“Romanda məkanın psixoloji funksiyası da güclüdür. Qaranlıq dəhlizlər, dar keçidlər və köhnə divarlar qorxu, tənhalıq və daxili gərginliyi simvollaşdırır. Bu baxımdan əsər Kafkanın “Metamorfoz” əsəri ilə səsləşir.

Nəticə etibarilə, “Daş evlər” romanı Azərbaycan nəsrində məkanın çoxşaxəli funksiyalarını — sosial, psixoloji, ideoloji və ontoloji xüsusiyyətlərini uğurla təqdim edir. Əsərin güclü tərəfləri dərin psixoloji təsvirlər, keçmişlə müasirlik arasındakı dialoq və məkanın simvolik funksiyasıdır. Bəzi epizodlarda tempin zəifliyi və ikinci dərəcəli obrazların kifayət qədər işlənməməsi kimi çatışmazlıqlar olsa da, əsər ümumilikdə Azərbaycan ədəbiyyatında məkan anlayışının təhlili üçün mühüm nümunədir”, - Təranə Turan Rəhimli Belçika mediasında yazır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
bizimyol.info

1Sources