EN

“Ramiz Mehdiyev və Namiq Abbasov Səfər Əbiyevi guya qonaq çağırmışdılar”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Baş prokurorunun keçmiş birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri İsa Nəcəfovun “Yeni Sabah”a müsahibəsi:

- 2010-cu ildə Ramiz Mehdiyev Konstitusiya Məhkəməsində yeni hakimlərin təqdimetmə mərasimində məhkəmənin fəaliyyətini sərt tənqid etmiş və durumun düzəldilməsini tələb etmişdi. Bu açıqlamanın səbəbi nə idi?

- Ramiz Mehdiyev özünün hüquqi vəziyyətinə görə aparat rəhbəri idi. Eyni hüquqlu 3 aparat rəhbəri var: Konstitusiya Məhkəməsinin aparat rəhbəri, Prezident aparatının aparat rəhbəri, Milli Məclisin aparat rəhbəri eyni hüququ səviyyədədirlər. O bir vətəndaş kimi Konstitusiya Məhkəməsi haqqında sözünü deyə bilər. Amma dövlət adamı kimi hakimiyyətin başqa qolu haqqında o sözləri deməməli idi. Çünki o sözləri deyəndən bir müddət sonra Ramiz Mehdiyevin korrupsioner olması haqqında çoxlu sözlər deyildi və bir neçə fakt ortaya çıxdı.

- Konstitusiya Məhkəməsində əmin idilər ki, Ramiz Mehdiyevin Prezidentin mövqeyini yox, özünün şəxsi fikirlərini söyləyib?

- Yəqin ki onun şəxsi mövqeyi olub. Çünki, bayaq qeyd etdim, Ramiz Mehdiyev hakimiyyət uğrunda mübarizə aparırdı.

2002-ci ilin avqust ayında “Gülüstan” sarayında “Gecəyarısı qətl” kitabımın təqdimatı keçirilmişdi. Orda ilk olaraq mən çıxış elədim. İki fakt haqqında danışdım. Birincisi, Namiq Abbasovun prezidentin göstərişlərini icra eləməyib 20 Yanvar hadisələrinə dair sənədləri məhv etməsi haqqında idi. Çünki mənim iştirak etdiyim bir iclasda Ulu Öndər Heydər Əliyev tapşırdı ki, 20 Yanvarla bağlı olaraq bütün sənədlər saxlanılsın. 2000-ci ilin fevralında 20 Yanvar hadisələri ilə bağlı cinayət işi mənim masama gətirildi. Mən o zaman işi təzələdim -1990-cı ildə keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı olmuş Sadıq Əliyevi həbs elədik, Mirzəyev soyadlı bir nəfərlə bağlı isə barəsində axtarış elan etdik.

Onlar Moskvadan gələn əmrlər əsasında insanların kütləvi toplaşdıqları ərazilərdə məqsədli iğtişaşlar törədib, daha sonra əsgərlərə qarşı atəş açıb, bununla da Sovet hərbçilərinin dinc insanlara qarşı kütləvi qətlinə əsas görüntüsü yaratmışdılar.

Mən həmin vaxt Milli Təhlikəsizlik Nazirliyindən sənədləri götürmək üçün Namiq Abbasova müraciət elədim. O mənim müraciətimi qəbul eləmədi. Məcbur qalıb, Ulu Öndərə kömək üçün xahiş elədim. Ulu Öndər də Namiq Abbasova, mən eşidə-eşidə göstəriş verdi ki, lazım olan sənədləri mənə versin. Bununla bağlı kitabımın təqdimatında dedim ki, bu addımı ilə Namiq Abbasov millətə, dövlətə xəyanət edib. Təqdimatda bütün deputatlar, Prezidentin İcra Aparatının şöbə rəhbərləri, nazirliklərin idarə rəisləri də iştirak edirdilər. Orda ikinci bir faktı da dedim ki, 1995-ci ildə Türkiyə hökuməti Heydər Əliyevə sui-qəsd olunacağını bildiyi halda, Süleyman Dəmirəl Kopenhagendə olanda Ulu Öndərə deməyib ki, Bakıya qayıdanda səni öldürəcəklər. Bunu mənə Ulu Öndər özü dedi. “Süleyman Dəmirəl mənə dedi ki, Heydər, sən qayıt Bakıya, orda vəziyyət pisdir. Amma sui-qəsdlə bağlı mənə heç nə demədi”. Mən bunu kitabda da yazdım.

Kitabımın təqdimat mərasimindəki çıxışımdan sonrakı gün gördüm ki, hamı məndən qaçır. Bununla bağlı mən Ulu Öndərə zəng elədim. Prezidentin köməkçisi Tariyel Vəliyevə dedim ki, mən Prezidentlə danışmaq istəyirəm.

Axşam saat 7 idi. Ulu Öndər mənimlə danışdı. Soruşdu ki, nə məsələdir. Dedim ki, cənab prezident, mənim çıxışımdan sonra vəziyyət dəyişib, mənə başqa gözlə baxırlar. Sizin məmurlar məni qəbul etmək istəmirlər, nədənsə çəkinirlər. Dedi kimlərdir? Dedim, flankəslər...Bu zaman Ulu Öndər başqa telefon xətti ilə kiməsə dedi ki, İsa Nəcəfovun (kitab təqdimatındakı) çıxışı axşam televiziyada tam göstərilsin.

Çıxışım televiziyada nümayiş olunandan sonra mənə münasibət yenidən dəyişdi.

İllər keçdi, bir gün Nizami Xudiyev mənə zəng elədi. O vaxt artıq AzTV sədrliyindən getmişdi. Dedi, səninlə görüşmək istəyirəm. Onunla Fontanlar Bağında görüşdük. Dedi ki, sənin çıxışından sonra səhəri gün Ramiz Mehdiyev mənə zəng elədi ki, İsa Nəcəfovun çıxışını efirə vermə. Mən də ona dedim ki, necə verməyim, onun mövqeyidir, verməliyəm. Bunu deyəndən sonra Ramiz Mehdiyev üstümə hirsləndi. Nizami Xudiyev danışdı ki, bundan sonra axşam Ulu Öndər mənə zəng edib dedi ki, (İsa Nəcəfovun çıxışı) qəzetlərdə yoxdur, səhv ediblər, İsanın çıxışını ver. Deyir, həmin gün Ramiz Mehdiyev 5 dəfə mənə zəng elədi ki, İsa Nəcəfovun çıxışını vermə.

Bunda da Ramiz Mehdiyevin məqsədi var idi. Hamı bilirdi ki, Ulu Öndərin vəziyyəti o qədər də yaxşı deyil. Ramiz və başqaları hakimiyyət uğrunda mübarizə aparırdılar. Hakimiyyətə gəlmək istəyirdilər. Artıq qruplaşma getmişdi. Qruplaşmada da Ramiz idi, Namiq idi, Eldar idi. Bu oyun gedirdi, başa düşürsünüz? Bunların əleyhinə işləyən qüvvə də var idi.

Heydər Əliyevin bir sözü var - Allahın hökmü olmadan heç nə yerindən tərpənə bilməz. Müharibə üçün əlverişli şəraiti gözləməli idik. Əlverişli şərait də odur ki, sən müharibə aparanda xarici qüvvələr sənə qarşı hazır vəziyyətdə olmasınlar. Situasiya sənin xeyrinə olsun, şərait sənin üçün əlverişli olsun.

2020-ci ildə belə bir şərait yarandı. Bir tərəfdən koronavirus - hamının başı ona qarışdı. İkinci tərəfdən, Rusiya bu proseslərə qarışmadı. Əsas məsələ Rusiya idi. Ermənilərin arxasında duran Rusiya idi. Biz bu şəraitdən istifadə edib qısa müddətdə qələbə çaldıq. Bu da bizim Prezidentin həm xarici siyasəti, həm də daxildə apardığı işlərin nəticəsi idi. Müharibə, özü bir oyundur. Bu oyunda siyasi qüvvələrin birliyi lazımdır. Sənin qüvvənin, digərindən üstün olması lazımdır. Yollar bağlı idi, sursatı ermənilər hardan gətirəcəkdi? Bir qismini İran vasitəsi ilə gətirdilər, amma orda da azərbaycanlılar var idi. Uyğun şərait yarandığından, Prezident ustalıqla o şəraitdən istifadə etdi, qələbə çaldıq. 30 illik danışıqları biz geridə qoyduq. Biz ATƏT-in Mins Qrupunun təklif etdiyi planlarla razılaşsaydıq, yəni o müqavilələri bağlasaydıq - əvvəlcə 2 rayon, daha sonra bir neçə rayon - biz bütünlüklə Azərbaycanın vahidliyini, müstəqilliyini təmin edə bilməyəcəkdik, axı. Yenə da hardasa bir yara qalacaqdı. Artıq Azərbaycanda elə bir yara qalmadı. Prezident bütün yaralarımızı sağaltdı. Bu istiqamətdə fəaliyyəti hələ də davam edir.

- Dediniz ki, Ramiz Mehdiyev-Namiq Abbasov-Eldar Həsənovun qruplaşması Səfər Əbiyevi oyundan çıxarmaq istəyirdi...

- 2003-cü ildə Ramiz Mehdiyev və Namiq Abbasov Səfər Əbiyevi bir yerə guya qonaq kimi çağırdılar. Orda ordunun iki generalı telefonla danışmışdı, bundan istifadə edib onu pis vəziyyətə salmaq istəyirdilər. Amma alınmadı. Səfər Əbiyev hakimiyyətin arxasında dayanmış qüvvə idi. O, qruplaşmanın keçirdiyi toplantılarda iştirak eləmirdi.

- Generalların söhbətinin mövzusu nə idi?

- Bir general digəri ilə danışanda narazılığını bildirərək təxminən belə fikir deyib ki, “bu hakimiyyətlə yaşamaq olmaz”.

- Söhbət hansı generallardan gedir?

- Biri 2021-ci ildə həbs olunmuş 4-cü korpus komandiri Rövşən Əkbərov, bir də Baş Qərargahda fəaliyyət göstərən başqa general idi. Onların arasında gedən telefon danışığını fiksasiya etmişdilər. O da yaxşı eşidilmirdi.

- Telefon söhbətində hakimiyyəti devirməkdən danışılmışdı?

- Elə bir məsələ var idi.

- Səfər Əbiyev də bu işin içində idi?

- Yox. Bilmirəm orda nə etmişdilər. Deyirdilər ki, bir telefon danışığı olub, Səfər Əbiyev də deyib ki, belə şey ola bilməz.

- O zaman mətbuatda Ramiz Mehdiyevin Konstitusiya Məhkəməsini sərt tənqid etdiyi çıxışında məhkəməni hərc-mərclikdə, rüşvətxorluqda ittiham etdiyi yazılmışdı. Bu çıxışdan sonra Məhkəmənin fəaliyyətinə nəzarət və ya müdaxilə cəhdləri olmuşdumu?

- Konstitusiyada bizim üzərimizə nəzarət qoyulması nəzərdə tutulmayıb. Heç kim bizə nəzarət edə bilməz. Biz Konstitusiya nəzarətini həyata keçirən orqanıq. Başqa orqanlar tərəfindən Konstitusiyanın müddəalarına riayət olunub-olunmamasını biz yoxlayırıq. Konstitusiya bu səlahiyyəti bizə verib.

- Prezidentin bu duruma münasibəti necə oldu? Ramiz Mehdiyevə dəstəyi var idimi?

- Prezidentin Konstitusiya Məhkəməsinə münasibəti yaxşı idi. Ramiz Mehdiyevin çıxışından sonra heç bir münasibət bildirilmədi.

- Ramiz Mehdiyevin Konstitusiya Məhkəməsinin fəaliyyətini tənqidindən sonra belə bir təsəvvür yaranmışdı ki, bununla o, Konstitusiya Məhkəməsi üzərində təsir imkanlarını genişləndirməyə çalışıb…

- Belə bir hal olmadı. Bizim fəaliyyətimizə heç bir müdaxilə edilmədi və biz işimizi əvvəlki qaydada davam etdirdik.

- Tənqidlər sadəcə açıqlama ilə bitdi? Fəaliyyətinizə müdaxilə cəhdləri olmadı?

- Yox. Konstitusiya buna imkan vermir. Onun buna səlahiyyəti yoxdur. Gəldi, 3 nəfəri Konstitusiya Məhkəməsinin hakimi kimi təqdim elədi, nə sözü var idisə, dedi və getdi.

- Hakim kimi iş yükünüz necədir? Ümumiyyətlə, məhkəmədə iş bölgüsü necə aparılır?

- Qanunların şərhi ilə bağlı sorğular, müraciətlər gəlir. Bir də ki vətəndaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərdir. Əsas işimiz budur. Bu müraciətləri Sədr, hakimlər arasında bölüşdürür. Ali, Apellyasiya məhkəmələrindən fərqli olaraq bizim işimiz yaradıcı işdir. Ən çox biz qanunları şərh edir, qanunların tətbiqində olan problemləri aradan qaldırırıq. Ali Məhkəmənin qərarlarını o halda ləğv edirik ki, kiminsə konstitusiya ilə qorunan hüquqları pozulmuş olur. Sonra Ali Məhkəmə bizim qərarlar əsasında o işlərə baxır və müvafiq qərar qəbul edirlər.

Əgər Ali Məhkəmə il ərzində 10 min işə baxırsa, biz 15-16 işə baxırıq.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri 10 il əvvəl Azərbaycana gəlmişdi. Biz ondan soruşduq ki, icraatınızda nə qədər iş var? Dedi ki, 300 minə yaxın. Böyük ölkədir.

- Türkiyə Anayasa Məhkəməsində siyasi işlərə çox baxılır…

- Həddindən artıq siyasi işlər var. Bizdə siyasi işlər yoxdur.

- Niyə yoxdur? Bu, siyasi fəallığın bir göstəricisidirmi, yoxsa Konstitusiya Məhkəməsinin siyasətə təsir imkanlarına inamsızlıqdır?

- Türkiyənin böyük və qədim tarixi var. Ombudsman institutu ilk dəfə Türkiyədə yaradılıb. Norveç kralı XII Karl I Pyotra məğlub olandan sonra Osmanlı imperiyasına sığınıb. Bu müddətdə o, Osmanlı idarəetmə sistemini müşahidə edib və burdakı divan, qazı sistemi və s. kimi şikayətləri araşdıran məmurların olduğunu görüb. Bu sistem sonralar inkişaf etdirilib və Avropada ombudsman institutunun yaradılmasına təsir göstərib. Yəni Türkiyənin ədalət mühakiməsi strukturu tarixən də çox gözəl işləyib.

Biz müstəqilliyimizə yeni nail olmuşuq. Əgər insanlarımızdan yaxın keçmişimizdə baş verənləri soruşsaq, çoxları bilməyəcək. 1990-cı illərdə insanlar axşam saat 10-dan sonra küçəyə çıxa bilmirdi. İndi dövləti elə qurub, təhlükəsizliyi elə təmin ediblər ki, Bakı şəhəri səhərə kimi yatmır. Heç kim gecə küçəyə çıxmaqdan qorxmur. Bu bizim DİN-in böyük nailiyyətidir. Amma 1995-96-cı illərdə səhər 5-ə, 6-ya kimi şəhər baş polis idarəsində işləyirdik. İndi şəhər səhərə kimi yatmır, canlıdır. Biz buna nail olmuşuq, amma necə nail olmuşuq, indiki məmurlar onu bilmir. İndi dövlətin daxilindəki qüvvələr nisbəti tarazlaşıb.

O vaxt tarazlığı rəhmətlik Prezident başqa cür qoruyurdu. İdarəçilik elə qurulmuşdu ki, bir-birinə nəzarət var idi. İndi bir-birinə nəzarət ehtiyacı yoxdur.

İngiltərədən qonaqlar gəlmişdi. Soruşdum ki, Londonda şəhərə çıxa bilirsiniz? Dedi, axşam saat 10-dan sonra qadınlar qorxusundan şəhərə çıxa bilmir. Deməli, bu əmin-amanlıq, rahatlıq, sakitlik millət üçün, xalq üçün böyük bir ənamdir. Bütün bunlar Prezidentin zəhməti nəticəsində yaranıb.

- Bu mövzunun üzərinə Siz mənim siyasi fəallıqla bağlı sualımdan sonra gəldiniz, ona görə dəqiqləşdirmək istəyirəm. Konstitusiya Məhkəməsinin siyasi məzmunlu işlərə baxmamasının səbəbi nədir?

- 1990-cı illərin əvvəlləri sizə bəllidir? Milli dirçəliş deyirlər, xalq hərəkatı deyirlər. Bu hərəkat nə cür yaradıldı, kim yaratdı, hansı istiqamətdə yaratdı? Və hansı qüvvələri cəmlədi və yaxud da onları dağıtdı? Bu  proseslərdən xəbəriniz var? Elə bir dövlət yoxdur ki, o dövlətdə marağı olan böyük dövlətlər o dövlətin işinə qarışmasın. Necə qarışır? İlk növbədə ona gərəkli adamları müəyyən eləyir. O gərəkli adamları tapandan sonra o qrupları yaradır, daha sonra isə onlara istiqamət verir, maliyyələşdirir. O qruplara deyir ki, siz demokratiyanı bərqərar eləməlisiniz. Onların dediyi demokratiya isə mövcud rahatlığı məhv etməyə yönəldilib ki, xaos olsun.

SSRİ dağılandan sonra dünyada tarazlıq pozuldu. İnsan orqanizmində tarazlıq pozulanda, maddələr mübadiləsi pozulanda, insan xəstələnir, elədir? 2003-cü ildə Avropa İnsan Haqları üzrə Məhkəməsinin sədri  Lüzius Vildxaber Bakıya gəlmişdi. Bir gün nahara gedəndə mən ona bir sual verdim. Soruşdum ki, SSRİ dağılıb, dünyada balans pozulub, Avropa nə fikirdədir? O da dedi ki, mənim verəcəyim cavab mətbuat üçün deyil. Biz çalışırıq ki, birləşək, Amerika ilə dünyada balans yaradaq. Onlar birləşdilər, amma balans yarada bilmədilər.

İndi burada özlərinə gərəkli adamları toplayıb, maliyyələşdirən qüvvələr ki var, burada olan balansı pozmağa çalışırlar. İstəyirlər ki, xaos yaransın və öz məqsədlərinə çatsınlar. Məqsədləri nədir? Mən istəmirəm ki, bu hakimiyyətdə bunlar olsun. Hakimiyyətdə başqaları gəlsin, ölkə zəifləsin. Onlar bu balansı pozsaydılar, biz qələbə çala biləcəkdik müharibədə?! Yox, qətiyyən! Bizim başımız özümüzə qarışacaqdı. Deməli, düşmən üzərində qələbə çalmaq üçün sən balansı qurmalısan, vahid bir qüvvə yaratmalısan. Hamı da eyni tərəfə getməlidir.

- Yəni hesab edirsiniz ki, siyasi fəallığın aşağı olması bizim milli maraqlarımıza uyğundur?

- Aşağı olması yox. Bizim - çoxluğun, yəni Dövlətin istəklərinə uyğun olmasıdır. Siyasi qüvvələr bizim istəklərimizə xidmət eləməlidir. 1992-ci ildə, Milli Məclisdə Arif Hacılı çıxış edərək dedi ki, 9 xarici dövlət bizi dəstəkləyir. O demədi ki, Azərbaycan xalqı bizi dəstəkləyir. Ulu Öndər deyirdi ki, Azərbaycan xalqı məni dəstəkləyir. Xalq öz dəstəyini 1994-cü ilin oktyabr ayının 4-də ona göstərdi. Prezidentimiz də bir dəfə də deməyib ki, məni filan dövlət dəstəkləyir. Ona görə də siz dediyiniz siyasət adamlarının bir qismi səhvlərini dərk eləyiblər.

Bütün qüvvələri birləşdirmək lazımdır. Bir-birinin üstünə salmaq yox.

- Cəmiyyət üçün müxalifət də lazım deyilmi?

-  Müxalifət lazımdır. Amma təhqir və söyüş olmamalıdır. Müxalif fikirlər tənqidlə olmalıdır. Əgər durub sən söyüş söyürsənsə, ağzıma gələni danışırsansa, bu, siyasi qüvvə deyil. O qüvvələrdən biri Qurban Məmmədov. Qurban Məmmədov 1997-ci ildə Namiq Abbasovla bir iş görmək istəyirdi. O işi elə qurmuşdular ki, Heydər Əliyevə qəsd eləsinlər. Baxmayaraq ki, mən baş prokurorun birinci müavini kimi Milli Təhlükəsizlik Nazirliyinə nəzarət eləyirdim, bu işdən xəbərim yox idi.

Bir gün Eldar Həsənov yox idi. Namiq Abbasov mənə zəng elədi ki, bəs Prezidentin bir tapşırığı var, gəl bura, ona baxaq. Getdim. Qabağıma iki vərəq qoydu, oxudum. İkinci səhifəyə keçəndə, dedim bunlar prezidenti öldürmək üçün plan qurublar.

MTN-in istintaq şöbəsinin rəisi var idi, Rüfət Mansurov. Qayıtdı ki, İsa müəllim, mən iki həftədir bunlara deyirəm, bunlar məni eşitmək istəmirlər. Dedim, tez get cinayət işi başla və Qurbanın həbsi ilə əlaqədar qərar qəbul elə, gətir, mən sanksiyaya qol çəkim. Getdi, cinayət işi başladı, qərar yazdı, gətirdi, mən sanksiyanı verdim. Namiq Abbasov qayıtdı ki, Qurban Məmmədov sənin tələbə yoldaşın deyil? Dedim, mən 1979-da qurtarmışam, Qurban 1981-də, yoxsa 82-də hüquq fakültəsinə daxil olub. O hardan mənim tələbə yoldaşımdır? Dedi, bəs Eldar Həsənov deyir ki, Qurban sənin tələbə yoldaşındır. Dedim, günah Eldarındır. O mənim tələbə yoldaşım deyil.  Belə oyunlar gedirdi, başa düşürsünüz? Qurban Məmmədovu mənimlə bağlamaq istəyirdilər. O da getdi, 7 il cəza aldı. Qabiliyyəti var. Amma öz gücünü öz marağı üçün istifadə eləyir. Vətənini, Dövlətini sevən adam ilk növbədə dövlətin, vətənin marağını qorumalısan.

- Qurban Məmmədovun öz internet kanalında hakimiyyətə qarşı sərt tənqidindi çıxışından sonra onun Nərimanov rayonundakı əmlakları dağıdılmışdı…

- Əgər onun Nərimanov rayonunda əmlakları varsa, dövlətdən niyə bəhrələnmək istəmir? Dövlət ona şərait yaradıb, bu da əmlaklara sahib oldu. Hər adam bu imkanlara sahib ola bilmir. O çox nankor, naşükür bəndədir.

Ardı var...

Chosen
13
4
hakimiyyet.az

5Sources