“Yeni reallıq odur ki, qəhrəman Ukrayna xalqı Rusiya işğalına qarşı dirənməklə, sonda NATO və AB üzvü ola biləcəyini düşünür, həm də bunun üçün çalışır-vuruşur, ərazi bütövlüyünün bərpası ilə yanaşı, qarşıya cəlbedici məqsəd kimi həm də bu iki məsələni qoyur – amma, NATO dağılmaq üzrədir, ən azından, ciddi tranformasiya ərəfəsindədir, AB ölkələrində artan sağ-millətçilik dalğası isə, bu qurumun cəlbediciliyini ciddi sual altına qoyur, yeni üzv(lər) qəbulunu daha da çətinləşdirilir”.
Bunu News365.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O, əlavə edib ki, daha bir qəribə reallıq ondan ibarətdir ki, əvvəllər nüvə silahı sülhün zəmanəti, nüvə silahına malik olan ölkələrin bir-biri ilə və ya nüvə silahı olmayan ölkənin bu silaha malik olan dövlətə müqavimət göstərə, müharibə apara bilməyəcəyi mütləq həqiqət sayılırdı:
“Yeni reallıq fərqlidir – hər iki ölkədə nüvə bombası olmasına baxmayaraq Hindistan ilə Pakistan ara-sıra döyüşür, Rusiyanın nüvə silahı var, amma, Ukrayna limanlarını, zavodlarını, Urala qədər bütün ərazisini raket-dron atəşinə tutur. Boynuna almasa da İsrailin də nüvə silahı var, amma, İran İsrailə tarixində görmədiyi zərbələr vura bilir. Bax belə qəribə, mücərrəd, tabuların yıxıldığı bir dünyada, yeni reallıqda yaşayırıq...”
News365.az