"Ukrayna Donbas ərazisini heç vaxt könüllü olaraq Rusiya tərəfinə verməz. Dəfələrlə Ukraynanın Pezidenti Volodimir Zelenskinin və digər ictimai, siyasi, hərbi xadimlərin bəyanatları olub ki, Donbas heç vaxt könüllü şəkildə Rusiyaya verilə bilməz".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi. O əlavə etdi ki, Donbas verildiyi halda Rusiya ordusunun Ukraynanın digər ərazilərinə hücum etməsi və nəzarətin güclənməsi ehtimalı artar:
"Əsas olaraq, belə deyək, Krıma gedən quru yolunun açılması baş verər. Hətta Donbas verilsə, Kiyevin Rusiya ordusu tərəfindən tutulma ehtimalı da artır. Ona görə Donbas heç vaxt Ukrayna tərəfindən könüllü olaraq Rusiyaya verilməz. Nəzərə alsaq ki, indiki halda yay vaxtıdır, yay aylarında açıq səma və günün uzanması Ukrayna ordusuna döyüş meydanında daha böyük üstünlüklər verir. Görünən odur ki, Ukraynanın hərbi sənayesi günü-gündən artan istiqamətdə inkişaf edir. Hətta İsrail-İran və ABŞ-İran müharibəsi fonunda Ukrayna tərəfi Körfəz dövlətlərinə Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və digər ölkələrə pilotsuz uçuş aparatları təklif edib. Bu da Ukraynanın hərbi sənayesinin inkişaf etdiyini göstərir. Ancaq belə baxanda, Rusiyanın Ukraynaya verdiyi müddət, əlbəttə ki, Donald Trumpın müxtəlif dövlətlərə ultimativ şəkildə verdiyi vaxtla müqayisə oluna bilər. Buna baxmayaraq, Rusiyanın iqtisadi vəziyyəti heç də ürəkaçan deyil. ABŞ tərəfindən Rusiya neftinin satışı ilə bağlı sanksiyalar müvəqqəti olaraq aradan qaldırılsa da, bu, Rusiya iqtisadiyyatını xilas edə bilməz. Ona görə də nəticə belədir ki, Donbasın Ukrayna tərəfindən könüllü olaraq Rusiyaya verilməsi və Vladimir Putinin qoyduğu şərtlər çərçivəsində iki ay müddətində təhvil verilməsi mümkün deyil".
O həmçinin əalvə etdi ki, Avropa İttifaqı Ukraynaya 90 milyard avro məbləğində kredit yardım paketi təklif edir:
"Slovakiya və Macarıstan bu yardımı bloklasa da, aprel ayında Macarıstanda seçkilər keçiriləcək. Seçkidən sonra Avropa İttifaqı bu yardımın Ukraynaya necə təqdim olunacağı barədə qərar verəcək. Böyük ehtimalla yardım veriləcək, çünki üç alternativ variant mövcuddur və bu, Macarıstanın vetosundan asılı olaraq dəyişir. Görünən odur ki, Orbanın rəhbərlik etdiyi partiyanın seçkidə qələbə qazanma ehtimalı yüksək deyil. Buna görə vəziyyət belədir ki, Ukrayna Donbası heç vaxt könüllü şəkildə Rusiyaya təhvil verməz".
Qeyd edək ki, Rusiya Donbası könüllü tərk etmək üçün Ukraynaya 2 ay vaxt verib.
Nuriyyə NATİQQIZI