EN

“Aprel döyüşləri Ermənistanın Azərbaycana qarşı münasibətlərində dönüş nöqtəsi hesab oluna bilər” - RƏY

2016-cı ilin aprel ayında Azərbaycan Ordusu tarixə düşən mühüm bir hərbi-siyasi mərhələyə imza atdı. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq başlayan və qısa müddətdə genişmiqyaslı hərbi əməliyyatlara çevrilən Aprel döyüşləri Azərbaycan xalqının iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər təkcə hərbi uğur deyil, həm də illərlə davam edən işğal siyasətinə qarşı milli müqavimətin və haqq mübarizəsinin real nəticəyə çevrildiyi bir tarixi hadisə oldu. Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və yüksək mənəvi ruhunu ortaya qoymaqla yanaşı, xalq-ordu birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi. Bu qələbə həm də gələcək Zəfərin müjdəçisi kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsində dönüş nöqtəsi hesab olunur.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış hadisədir.

Elman

Deputat bildirib ki, Aprel döyüşləri çox qısa müddət sonra başlayan Vətən müharibəsinin bünövrəsini qoyaraq bizə qələbə müjdəsi verib: “Aprel döyüşləri Azərbaycan dövləti, ordusu, xalqı üçün şanlı səhifələrdən biridir. Aprel şəhidlərinə Allahdan rəhmət diləyirik. Onların xatirəsi hər zaman bizə əziz olacaq. Eyni zamanda, Aprel döyüşləri Ermənistanın bizə qarşı münasibətlərində dönüş nöqtəsi hesab oluna bilər. Aprel döyüşlərində və ondan sonrakı dövrdə düşmən Azərbaycan ordusunun gücünü başa düşdü, anladı və qorxmağa başladı. Bu bizim qələbəmizin bünövrəsini qoydu ki, artıq döyüşə, torpaqlarımızı işğaldan azad etməyə hazırıq, buna qadirik və nail olacağıq!”

 

Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzuxan Əlizadə isə xatırladıb ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çox ciddi problemlərlə üz-üzə qalıb:

Arzuxan

“Ermənilər "böyük Ermənistan", "dənizdən-dənizə Ermənistan" xülyasını davam etdirərək Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirdilər. Necə ki qədim Azərbaycan, türk torpaqları olan Qərbi Azərbaycandan, bu gün Ermənistan adlanan ərazilərdən azərbaycanlıların uzun illər ərzində deportasiyası 1988-ci ildə tam yekunlaşdı. Ardınca Qarabağ problemini gündəmə gətirərək Qarabağda və ətraf ərazilərdə baş verən hadisələr yenicə müstəqillik qazanmış Azərbaycan üçün çox böyük problemlər yaşatmış oldu. Ermənilərə havadarlıq edənlər, onlara dəstək verənlər də bu məsələni daha da alovlandırmaqla Azərbaycan torpaqlarının 20%-nin işğal altına düşməsinə səbəb oldular. 30 ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında qaldı. Həmin ərazilərdən bacı-qardaşlarımız qovuldular, qaçqınlıq-köçkünlük həyatı yaşadılar. Bu illər ərzində bütün diplomatik vasitələrdən istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə çalışdıq. Təəssüf ki, buna imkan verilmədi. Bütün diplomatik səylər yekunlaşandan sonra digər vasitəyə əl atmaq məcburiyyətində qaldıq. Müharibə qırğın, insan itkisi deməkdir. Biz müharibə istəmirdik, amma 2016-cı ilin aprel ayında növbəti Azərbaycan ərazilərinə qarşı işğal siyasəti irəli sürən ermənilərin qarşısını almaq üçün bir neçə günlük müharibə baş verdi. Biz o zaman çox ciddi surətdə Azərbaycanın nəyə qadir ola biləcəyini göstərdik. Təəssüf ki, həmin hadisələrdə də ermənilərə havadarlıq edənlər prosesə qoşuldular, torpaqlarımızı işğaldan tam azad edə bilmədik, lakin müəyyən hissəsi - Lələtəpə yüksəkliyi, eləcə də ətraf ərazilər düşməndən təmizləndi. Bu hadisələr ermənilər üçün bir dərs olmalı idi ki, Azərbaycan sözdə necə Qarabağın işğalı faktı ilə barışmayacağını demişdisə, əməldə də torpaqlarını işğaldan azad etməyə gücü yetər. Amma düzgün nəticə çıxarmadılar. Nəhayət, 2020-ci ildə Vətən müharibəsi baş tutdu, 44 gün ərzində nəyə qadir olduğumuzu tam şəkildə ermənilərə, onların havadarlarına, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə birbaşa çatdırmış olduq. 44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdik, tarixi ədaləti bərpa etdik. Sonradan həyata keçirilən anti-terror əməliyyatları ilə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş oldu. Əslində bununla separatçılığa, terrorçuluğa qarşı Azərbaycan nümunəsi ortaya qoyduq. Qəhrəman Azərbaycan oğulları vətənin suverenliyi bərpa etməklə ermənilərin özlərinə də suverenlik əldə etmək imkanı yaratdılar. Ermənilərin anlayanları başa düşürlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə Ermənistana, sonradan formalaşmış qondarma dövlətə imkan verdi ki, bugünkü sərhədləri daxilində öz dövlətçiliyini qursun, Rusiya boyunduruğundan qurtulsun, çökmüş iqtisadiyyatınü bərpa etsin, tranzit dövlətə çevrilsin. Sözün həqiqi mənasında Azərbaycan regionun lider dövləti, əsas söz və güc sahibi olaraq regionda dayanıqlı sülhə və sabitliyə yönəlik siyasət yürüdür. Biz əsas dövlət olaraq regionda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən sülh və sabitliyin bərpa olunmasında çox böyük işlər görürük. Bu məsuliyyəti öz üzərimizə götürmüşük. Yetər ki, Ermənistan tərəfi də bundan doğru nəticə çıxarsın. Nəhayət, dayanıqlı sülhə nail ola bilək. 2016-cı ilin Aprel döyüşləri qəhrəman Azərbaycan oğullarının nəyə qadir olduqlarını əslində göstərmişdi. Təəssüf ki, ermənilər nəticə çıxarmadılar və 2020-ci ildə çox böyük faciə qarşısında qaldılar. İtkilərimiz, qazilərimiz oldu. Şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində tam şəkildə suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik, regionun əsas söz və güc sahibinə çevrilmiş olduq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 3 Aprel 2026, 08:30   
Chosen
49
pravda.az

1Sources