EN

Əkrəm Əylisli Avropa Bankından mükafat alıb

Yazıçının əsəri Avropa Yenidənqurma və İnkişaf Bankının 2026 ədəbiyyat mükafatı laureatları siyahısına daxil edilib...

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı il üzrə illik ədəbiyyat mükafatı üçün qısa siyahını açıqlayıb və bu siyahıya Azərbaycan yazıçısı Əkrəm Əylislinin “İnsanlar və ağaclar” trilogiyası da daxil edilib.

Poliqon xəbər verir ki, bu barədə “Turan” Agentliyi məlumat yayıb.

Məlumata görə, əsər rus dilindən Ketrin E. Yanq tərəfindən ingilis dilinə tərcümə olunub və Plamen Press nəşriyyatı tərəfindən çap edilib. Qısa siyahıya AYİB-in fəaliyyət göstərdiyi müxtəlif regionlardan – Avropa, Asiya və Yaxın Şərqdən seçilmiş on bədii əsər daxil edilib.

Bankın açıqlamasında bildirilir ki, siyahıya daxil edilən əsərlər əsasən münaqişə, yaddaş və sosial transformasiya mövzularını əhatə edir. Bu isə müasir dövrdə cəmiyyətlərin qarşılaşdığı əsas problemlərin ədəbiyyatda əks olunmasını göstərir.

Qeyd edək ki, AYİB-in ədəbiyyat mükafatı 2017-ci ildə təsis olunub və bankın fəaliyyət göstərdiyi ölkələrdə yaradılan bədii ədəbiyyatın tanıdılmasına xidmət edir. Mükafat çərçivəsində xüsusilə tərcümənin mədəniyyətlər arasında körpü rolu vurğulanır.

Müstəqil münsiflər heyəti növbəti mərhələdə siyahını üç finalçıya qədər azaldacaq və qalib 2 iyul tarixində Londonda keçiriləcək mərasimdə elan olunacaq. 20 min avro məbləğində mükafat müəllif və tərcüməçi arasında bərabər bölünəcək.

Poliqon.info

Chosen
50
poliqon.info

1Sources