EN

"Aprel döyüşləri Azərbaycanın tarixi zəfərinə gedən yolun ilk müjdəçisi idi" - Deputat

"Aprel döyüşləri Azərbaycanın tarixi zəfərinə gedən yolun ilk müjdəçisi idi. Bu döyüşlərdən cəmi dörd il sonra Azərbaycan ordusu böyük tarixi qələbəyə imza ataraq bütün torpaqlarımızı işğaldan azad etməyi bacardı. Aprel döyüşləri həm psixoloji, həm də hərbi-texniki kontekstdə azərbaycanlıların ermənilər üzərində üstünlüyünü qəti şəkildə təmin etdi. 2016-cı ilə qədər davam edən atəşkəs dövrü ərzində Azərbaycanın mövqeləri daim atəşə tutulsa da, həmin vaxta qədər bir qarış torpağımız belə azad edilməmişdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.

"2016-cı ilin 1-4 aprel tarixlərində baş verən döyüşlərdə Azərbaycan ordusu öz qüdrətini nümayiş etdirərək münaqişənin həlli ilə bağlı yeni bir mərhələ başlatdı. Bu yeni mərhələ sadəcə hərbi-siyasi deyil, həm də diplomatik müstəvidə özünü göstərdi. Döyüşlərdən dərhal sonra ATƏT-in Minsk qrupunun həmsədrləri mövcud status-kvonu qoruyub saxlamaq cəhdlərinin iflasa məhkum olduğunu bir daha anladılar. Bu döyüşlər Azərbaycan ordusu üçün böyük qələbəyə gedən yolda mühüm bir sınaq və hazırlıq mərhələsi kimi yadda qaldı. Nəticədə dörd il sonra xalqımız böyük tarixi zəfərinə qovuşdu", - deyə o qeyd etdi.

Millət vəkili əlavə etdi ki, Aprel döyüşləri Azərbaycan xalqında sarsılmaz qələbə əzmi, ordumuzda isə böyük özünəinam yaratdı:

"Həm dost, həm də düşmən tərəf anladı ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız mütləq azad olunacaqdır. Məhz buna görə də Aprel döyüşləri Azərbaycan xalqının hərbi-siyasi salnaməsində müstəsna yerə və xüsusi rola malikdir".

Xədicə BAXIŞLI

Chosen
55
redaktor.az

1Sources