EN

Adəm İsmayıl Bakuvi: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi partiyalarını bir araya gətirəcək vahid rəqəmsal platformanın yaradılması təşkilatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verə bilər”



“Aprelin 2-də Bakıda keçirilən yüksək səviyyəli görüş – Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı Türk dünyasında siyasi dialoqun və strateji koordinasiyanın yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Müxtəlif ölkələrin hökumət rəhbərlərinin və yüksək vəzifəli şəxslərinin eyni masa ətrafında toplaşması artıq formal diplomatik ənənədən daha çox, ortaq gələcək vizyonunun ifadəsinə çevrilməkdədir. Bu baxımdan, tədbir yalnız protokol xarakterli görüş deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin dərinləşdiyini təsdiqləyən mühüm siyasi platforma kimi dəyərləndirilə bilər. Toplantı iştirakçılarını qəbul edən cənab Prezident İlham Əliyev öz çıxışında Türk dövlətləri arasında münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq, qarşılıqlı etimad və dəstəyin təşkilatın əsas sütunlarından birinə çevrildiyini diqqətə çatdırdı. Bu yanaşma onu göstərir ki, əməkdaşlıq yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır, eyni zamanda siyasi həmrəylik və ortaq maraqların müdafiəsi istiqamətində də daha sistemli xarakter alır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Partiya sədri bugünkü reallığın Türk Dövlətləri Təşkilatının artıq regional çərçivədən çıxaraq daha geniş geosiyasi məkan üçün mühüm əhəmiyyət kəsb edən aktora çevrildiyindən ibarət olduğunu bildirib: “Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və rəqəmsal transformasiya kimi sahələrdə ortaq təşəbbüslərin artması bu təşkilatın təsir imkanlarını daha da genişləndirir. Bu prosesdə siyasi rəhbərlərin vahid mövqedən çıxış etməsi isə xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, görüşdə səsləndirilən fikirlər göstərdi ki, təşkilat daxilində əlaqələrin möhkəmləndirilməsi üçün institusional mexanizmlərin gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu, həm qərarların icra effektivliyini artırır, həm də üzv dövlətlər arasında koordinasiyanı daha çevik və məqsədyönlü edir. Məhz bu yanaşma gələcəkdə Türk dünyasının qlobal miqyasda daha güclü siyasi mövqe qazanmasına zəmin yaradır. Digər mühüm məqam isə ondan ibarətdir ki, bu əməkdaşlıq modeli qarşılıqlı hörmət və suverenlik prinsipləri üzərində qurulub. Bu isə təşkilat daxilində sabitliyin və uzunmüddətli tərəfdaşlığın təmin olunmasının əsas şərtidir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər yalnız cari vəziyyətin qiymətləndirilməsi deyil, həm də gələcək üçün aydın strateji yol xəritəsi kimi çıxış edir. Bütün bunların fonunda Türk Dövlətləri Təşkilatının yalnız dövlətlərarası platforma kimi deyil, həm də geniş siyasi əməkdaşlıq məkanı kimi inkişaf etdirilməsi zərurəti daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə siyasi institutlar və partiyalar arasında əlaqələrin genişləndirilməsi bu prosesə əlavə dinamika verə bilər. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə fəaliyyət göstərən bütün siyasi partiyaları bir araya gətirəcək vahid rəqəmsal platformanın yaradılması olduqca məqsədəuyğun olardı. Belə bir platforma partiyalar arasında fikir mübadiləsini intensivləşdirər, ortaq siyasi təşəbbüslərin hazırlanmasına şərait yaradar və koordinasiyanı gücləndirər. Nəticə etibarilə, bu əməkdaşlıq mexanizmi yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə Türk dünyasının siyasi gücünün artmasına və təşkilatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verə bilər” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Chosen
43
aia.az

1Sources