EN

Türk dövlətləri birliyində Azərbaycanın rolu

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Ajans.az-a açıqlama verib. 
O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) mühüm toplantılarının Bakıda keçirilməsi Azərbaycanın bu coğrafiyada sadəcə bir üzv deyil, həm də strateji qovşaq və birləşdirici güc statusunu möhkəmləndirir. Bu ev sahibliyi həm daxili, həm də xarici auditoriyaya çoxşaxəli mesajlar verir. Birincisi, Bakı özünü türk dünyasının diplomatik mərkəzi və geosiyasi inteqrasiyanın lokomativi kimi təqdim edir. İkincisi, bu, Azərbaycanın xarici siyasətində Avrasiya vektorunun, xüsusilə türk birliyinin prioritet istiqamət olduğunu nümayiş etdirir.  Azərbaycanın son illərdə bu istiqamətdə atdığı addımlar həm hərbi-siyasi, həm də iqtisadi-logistik müstəvidə həlledici xarakter daşıyır. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə və Şuşa Bəyannaməsi ilə Türkiyə ilə müttəfiqliyin rəsmi müstəviyə keçməsi bütün türk dövlətləri üçün yeni bir əməkdaşlıq modeli yaratdı.  Ekspert qeyd edib ki, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi isə bu birliyinin mənəvi təməllərini daha da gücləndirdi. Eyni zamanda, Azərbaycan Orta Dəhliz layihəsinin ən kritik halqası kimi çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə türk dövlətlərini bir-birinə iqtisadi və fiziki cəhətdən bağlayan əsas arteriyaları formalaşdırıb. Mərkəzi Asiya dövlətləri, xüsusən Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq əlaqələrinin yeni müstəviyə qalxması Azərbaycanı türk dünyasının "enerji və logistika qapısı" halına gətirib. 

Onun sözlərinə görə, gələcək perspektivdə bu siyasət Azərbaycanın türk dünyasındakı rolunu strateji moderator səviyyəsinə qaldıracaqdır. Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında həm coğrafi, həm də siyasi bir körpü rolunu oynayır. Türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsi, vahid iqtisadi bazarın qurulması və rəqəmsal inteqrasiya proseslərində rəsmi Bakının təşəbbüskarlığı onu regionun əsas oyunçularından birinə çevirir. Bu xəttin davam etdirilməsi Azərbaycanın gələcəkdə türk dövlətlərinin ortaq təhlükəsizlik və iqtisadi platformalarında əsas qərarverici mərkəzlərdən biri olmasını təmin edəcək və ölkəmizin beynəlxalq arenadakı çəkisini daha da artıracaqdır.

Chosen
40
Ajans.az

1Sources