EN

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer İran ətrafında gərginləşən hərbi vəziyyətlə əlaqədar ölkəsinin Avropa İttifaqı (Aİ) ilə daha sıx iqtisadi və təhlükəsizlik əlaqələri qurmağa çalışacağını bəyan edib. 

Baş nazir bildirib ki, bu ilin sonunda keçiriləcək Böyük Britaniya-Aİ zirvə görüşü iqtisadiyyat, enerji təhlükəsizliyi və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma olacaq. Onun sözlərinə görə, sammit ötən il qəbul olunmuş öhdəliklərin sadəcə təsdiqi ilə məhdudlaşmayacaq, daha iddialı qərarların qəbuluna xidmət edəcək.

K.Starmer qeyd edib ki, İranın strateji neft daşıma marşrutlarından birini faktiki bağlaması qlobal neft və qaz qiymətlərinin artmasına səbəb olub. Bu isə Böyük Britaniyada iyul ayında enerji qiymətlərinin yenidən hesablanması zamanı ev təsərrüfatlarının xərclərinə ciddi təsir göstərə bilər. Baş nazir hökumətin yaşayış xərclərinin azaldılması istiqamətində tədbirlər gördüyünü vurğulayıb və ölkənin yaranmış böhrandan daha güclü çıxacağına inandığını bildirib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Bildirilir ki, Baş nazirin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına birbaşa qoşulmamaq qərarı Vaşinqtonla münasibətlərdə narazılıq yaradıb. Bununla belə, Starmer ölkəsinin NATO qarşısında öhdəliklərinə sadiq qaldığını və bütün qərarların Britaniyanın milli maraqları əsasında verildiyini bildirib. O, Böyük Britaniyanın İranla münaqişəyə birbaşa cəlb olunmayacağını bir daha bəyan edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources