Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Çinin xarici işlər naziri Van İ telefon danışığı zamanı İran ətrafındakı vəziyyəti, onun qlobal energetikaya və enerji təhlükəsizliyinə təsirini müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Kallas "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İranın mülki gəmilərə hücumları və onların təkrarlanması təhlükəsi Hörmüz boğazında hərəkətin, demək olar ki, dayanmasına səbəb olub. Məhz buna görə də dəniz hüququna uyğun olaraq boğazda təhlükəsiz və sərbəst gəmiçiliyin bərpası təxirəsalınmaz vəzifədir. Avropa İttifaqı bu məqsədə çatmağa yönəlmiş bütün diplomatik səyləri dəstəkləyir, gərginliyin azaldılmasına və təmkinli olmağa çağırır. Mülki əhaliyə və mülki infrastruktura hücumlar dayandırılmalıdır", - o qeyd edib.
K.Kallasın sözlərinə görə, onlar həmçinin Avropa İttifaqı ilə Çin arasındakı ikitərəfli münasibətləri müzakirə ediblər.