EN

Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında öz gücünə inamın bərpası kimi qalıb - ŞƏRH

Bakı, 2 aprel, AZƏRTAC

Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında milli ruhun oyanışı və öz gücünə inamın bərpası kimi qalıb. Bu döyüşlər göstərdi ki, illərlə davam edən danışıqların arxasında gizlənən status-kvo dəyişməz deyil və Azərbaycan öz haqqını yalnız masa arxasında deyil, lazım gəldikdə meydanda da təmin etmək iradəsinə və qüdrətinə malikdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, 2016-cı ilin aprelində cəbhə xəttində baş verən hadisələr Azərbaycan Ordusunun peşəkarlığının, texnoloji üstünlüyünün və ən əsası, əsgər və zabitlərimizin yüksək döyüş ruhunun real nümayişi oldu. Qısa müddət ərzində Füzuli, Cəbrayıl və Tərtər istiqamətlərində strateji yüksəkliklərin azad edilməsi mühüm hərbi üstünlük yaratdı və sübut etdi ki, işğal altında olan torpaqlarımızın azadlığı vaxt məsələsidir.

Bu döyüşlər zamanı xüsusi igidlik göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi həkk olundu. Onlar yalnız peşəkar hərbçilər deyil, eyni zamanda, Vətən uğrunda canından keçməyə hazır olan vətənpərvər insanlar idi. Onların göstərdiyi şücaət sonrakı illərdə qazanılan böyük Zəfərin mənəvi əsasını formalaşdırdı.

"Aprel döyüşləri həm də cəmiyyətimiz üçün ciddi psixoloji dönüş nöqtəsi oldu. Siyasi iradə, güclü ordu və milli birlik bir araya gəldikdə nəticənin qaçılmaz olduğu bir daha sübut edildi. Eyni zamanda, bu hadisələr beynəlxalq müstəvidə də diqqətlə izlənildi və Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.

Döyüşlər zamanı Azərbaycan Ordusu yüksək koordinasiya, müasir texnologiyalardan səmərəli istifadə və çevik qərarvermə qabiliyyəti nümayiş etdirdi. Bir daha aydın oldu ki, əldə olunan uğurlar təsadüfi deyil, uzun illər aparılan məqsədyönlü ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir",- deyə G. Ağamalı vurğulayıb.

Deputatın sözlərinə görə, Aprel döyüşləri 2020-ci ildə qazanılan Vətən müharibəsi Zəfərinə aparan yolun mühüm mərhələsi, bir növ sınaq mərhələsi idi. Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu həm taktiki, həm də mənəvi baxımdan daha genişmiqyaslı əməliyyatlara tam hazırdır.

"Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmiş, regionda və dünyada söz sahibinə çevrilmiş qalib dövlətdir. Qazanılan Zəfər yalnız hərbi deyil, eyni zamanda, siyasi, diplomatik və iqtisadi müstəvilərdə əldə olunmuş böyük nailiyyətdir. Ölkəmizin beynəlxalq nüfuzu artıb, regional proseslərdə aparıcı aktora çevrilib",- deyə o əlavə edib.

Chosen
9
1
azertag.az

2Sources