EN

Paşinyan hansı halda postunda qalacaq? Rusiya və Qərbin əsas istəyi belədir - MÜSAHİBƏ

BAKI, 2 aprel. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistanda yayda keçiriləcək parlament seçkiləri ərəfəsində prosesə kənar müdaxilələrin olması amili daha çox gündəmə gəlir. İlkin yanaşmalar nədən ibarətdir?

- Burada bir çox amillər Baş nazir Nikol Paşinyanın Moskvaya baş tutmuş səfəri ilə bağlıdır. Amma görünən odur ki, rəsmi Moskva Paşinyanın üzərində dayanmaq niyyətindədir. Çünki ötən müddət ərzində o öz siyasi davranışı ilə Kremli qane edən addımlar atıb. Sadəcə olaraq, onun sülh görüntüsü yaratmaqla bağlı atdığı addımlar heç də öz siyasi gedişi deyil. Bu sırf Azərbaycan tərəfindən edilmiş təzyiqlər nəticəsində baş verib. Ona görə də bəzilərinin Paşinyanla bağlı söylədikləri heç də birmənalı deyil. Faktiki olaraq isə, o Ermənistanın və millətçilərin istəyinə uyğun olaraq nəyi bacarırdısa, etdi. Bu məsələdə onun geri çəkilməsi və açıq məğlubiyyəti Azərbaycanın tarixi zəfəri fonunda baş verdi.

- Bu seçkidə ənənəvi müxalifətin köhnə mövzulardan yararlanmaq imkanı varmı?

- Ermənistanda müxalif mövqedə olan insanların özləri də başa düşür ki, indiki halda "Qarabağ mövzusu”nu gündəmə gətirmək əsassızdır. Buna Ermənistanın potensial imkanları çatmayacaq. Vaxtilə Azərbaycana qarşı həyata keçirilmiş işğal siyasəti və sonrakı mərhələdə onun dondurulmasında Rusiyanın dəstəyi həlledici idi.

- İndiki halda Kremlin bu məsələdə real dəstəyi necə ola bilər?

- Rusiyanın hazırkı durumda Ermənistana kömək etməsi mümkün deyil. Hərbi-iqtisadi və geopolitik baxımdan bu imkanlar itirilib. Ona görə də Paşinyanın seçkidəki opponentlərinin mövqeyi birmənalı olaraq görüntü yaratmağa hesablanıb. Çünki Ermənistanda sağlam düşünən hər kəs başa düşür ki, onlar Qarabağı birdəfəlik “itiriblər”. Yenidən Qarabağı geri qaytarmaq istəyi isə erməni millətinin yarısını qırğına vermək demək olacaq. Bu mənada “Qarabağ kartı” və Rusiyanın bu məsələdə Ermənistana dəstəyi olduqca absurd iddia kimi görünür.

- Post-Paşinyan dövrü ilə bağlı proqnozlar nədən ibarətdir?

- İndi elə bir görüntü yaratmağa çalışırlar ki, guya Ermənistanda demokratik əhval-ruhiyyə var və s. Yaydakı seçkilərdə də Paşinyanın öz postunda qalması mümkündür. Çünki o balanslı mövqeyi saxlamaqda artıq təcrübə yığıb. Faktiki olaraq, Paşinyanın indiki davranışları həm Qərbi, həm də Rusiyanı qane edir. Ona görə də Paşinyanı dəyişdirmək heç kəsə sərf etmir.

- Ermənistanda seçki sonrası yaranacaq və dəyişəcək siyasi konyuktura şəraitində Azərbaycanın yanaşması necə ola bilər?

- İstənilən halda qarşı tərəfdə dəyişən siyasi situasiya şəraitində ritorikalar və yanaşmalar fərqli ola bilər. Amma dəyişən heç nə olmayacaq. Çünki birdən-birə Ermənistan əhalisi milyon yarımdan, on milyona qalxmayacaq, iqtisadiyyatı artsa belə, enerji ehtiyatları olmadığı üçün asılı hala düşəcək. İndiyə kimi onların əsas dövlətçilik ideologiyası keçmiş “Dağlıq Qarabağ mövzusu” ilə bağlı idi. Artıq bu proses bitib. Ermənistanda bu mövzuya qayıtmaq istəyənlər yəqin ki, verdikləri itkilərin miqyasını nəzərə alacaqlar. II Qarabağ müharibəsindən öncə də Ermənistandan əhalinin kütləvi miqrasiyası baş verirdi. Ona görə də kimsə Ermənistanda “vətənpərvərlik” şüarları səsləndirə bilər, amma indi geopolitik vəziyyət tamamilə dəyişib.

Chosen
15
teleqraf.com

1Sources