EN

DEPUTAT: AVROPA BİRLİYİNDƏ İQTİSADİ SAHƏDƏ NƏ BAŞ VERİR? TƏHLİL » AzadMedia.az

DEPUTAT:

Avropa Birliyində iqtisadi vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Milli Məclisin deputatı Tahir Mirkişili sosial şəbəkə hesabında paylaşdığı təhlildə avrozonada staqflyasiya risklərinin artdığını bildirib.

Deputatın sözlərinə görə, mart ayı üzrə avrozonada işgüzar aktivlik indeksi – PMI 50,5 səviyyəsində qeydə alınıb ki, bu da son 10 ayın ən aşağı göstəricisidir. Formal olaraq artım müşahidə olunsa da, real vəziyyət iqtisadiyyatın faktiki olaraq dayanma nöqtəsinə yaxınlaşdığını göstərir.

Paylaşımda qeyd olunur ki, şirkətlərin xərcləri son 3 ilin ən sürətli tempi ilə artır, tədarük müddətləri isə 2022-ci ildən bəri maksimum səviyyəyə çatıb. Eyni zamanda tələb zəifləyir. Xüsusilə Fransada PMI göstəricisinin 48,3-ə düşməsi artıq daralma zonasına keçidi göstərir.

Tahir Mirkişili vurğulayıb ki, mövcud vəziyyət klassik staqflyasiya riskini formalaşdırır. Bu şəraitdə faiz dərəcələrinin artırılması iqtisadi artımı daha da zəiflədə, azaldılması isə inflyasiyanı sürətləndirə bilər. Bu isə Avropa Mərkəzi Bankını çətin seçim qarşısında qoyur.

Deputat həmçinin diqqətə çatdırıb ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən gərginlik və enerji faktorları vəziyyəti daha da ağırlaşdırır. Onun fikrincə, əsas problem bu şokların mövcudluğu deyil, Avropanın onları zəif iqtisadi vəziyyətdə qarşılamasıdır.

Qeyd olunub ki, hazırda avrozonada iqtisadi artım minimal səviyyədə qalır, enerji asılılığı isə əvvəlki illərlə müqayisədə azalmayıb. Eyni zamanda iqtisadiyyatı qoruyacaq ehtiyat mexanizmlər də xeyli zəifləyib.

Deputatın paylaşımına əsasən, 2026-cı il üçün iqtisadi artım proqnozu əvvəl 0,9 faiz olsa da, son qiymətləndirmələrə görə bu rəqəmin 0,4 faizə qədər enə biləcəyi istisna edilmir. İnflyasiyanın isə ikinci rübdə 3,1 faiz səviyyəsində olacağı gözlənilir.

Sonda qeyd olunur ki, səsləndirilən bu rəqəmlər hələlik optimist ssenari hesab edilir.

Chosen
26
1
azadmedia.az

2Sources