EN

11-cilərin “şoku”ndan sonra: 9-cu sinifləri nə gözləyir?


Dövlət İmtahan Mərkəzi aprelin 5-də ölkənin bir sıra şəhər və rayonlarında 9-cu siniflər üzrə buraxılış imtahanları keçirəcək. İmtahanlar Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonları ilə yanaşı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda təşkil olunacaq.

Musavat.com xəbər verir ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə digər buraxılış imtahanlarının 12 və 26 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, yaxın günlərdə keçirilən 11-ci sinif buraxılış imtahanları cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Abituriyentlər və müəllimlər sualların həddən artıq çətin olduğunu, bəzi tapşırıqların isə məktəb proqramından kənara çıxdığını iddia ediblər. Bu narazılıqlar fonunda valideynlər və şagirdlər arasında 9-cu sinif buraxılış imtahanları ilə bağlı da narahatlıq artıb.

Bəs qarşıdan gələn imtahanlarda şagirdləri nə gözləyir? Sualların çətinlik səviyyəsi necə olacaq, qiymətləndirmə meyarlarında hər hansı dəyişiklik varmı və zəif nəticə göstərən şagirdlərin hüquqları necə qorunur?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanları ilə bağlı mövcud narahatlıqları və məsələnin hüquqi tərəflərini qısa şəkildə izah etmək istərdim. 11-ci sinif buraxılış imtahanları ilə bağlı əsas narazılıqlar, xüsusilə riyaziyyat fənnində sualların çətinliyi və açıq tipli tapşırıqların qiymətləndirilmə meyarları ilə əlaqədar idi. Qeyd olunmalıdır ki, Dövlət İmtahan Mərkəzi həm 9-cu, həm də 11-ci siniflər üçün eyni ölçmə və qiymətləndirmə modelindən istifadə edir. 11-ci sinif imtahanlarında proqramdan kənar və ya həddən artıq çətin sualların salınması ilə bağlı iddialar rəsmi şəkildə təkzib edilib. Bu baxımdan ehtimal etmək olar ki, 9-cu sinif imtahanlarında da oxşar yanaşma tətbiq olunacaq.

Burada əsas fərq ondan ibarətdir ki, 9-cu sinif proqramı daha sadə bazaya əsaslanır. Lakin son illərin tendensiyası göstərir ki, suallar artıq yalnız testologiya deyil, daha çox məntiqi düşünmə və tətbiqetmə bacarıqlarına yönəlib. Bu isə bəzi şagirdlər üçün əlavə çətinliklər yarada bilər.
WhatsApp

Digər vacib sual isə budur: zəif nəticə göstərən şagirdin təhsili dayandırılırmı? Hüquqi baxımdan cavab qətidir — xeyr. Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə icbari təhsil 9 illikdir və bu mərhələ məcburidir. Şagird buraxılış imtahanında zəif nəticə göstərsə, hətta sıfır bal toplasa belə, 9 illik təhsili başa vurmuş hesab olunur.

Şagirdin 10-cu sinfə keçidi və ya kolleclərə qəbul imkanları isə topladığı baldan asılıdır. Lakin aşağı nəticəyə görə onun 10-cu sinfə qəbulunun tam şəkildə qarşısının alınması hüquqi baxımdan mümkün deyil. Hər bir şagirdin təhsil almaq hüququ var. Eyni zamanda, imtahandan aşağı nəticə əldə edən şagirdlərə attestat verilir, sadəcə nəticə zəif kimi qeyd olunur. Bu şagirdlər gələcəkdə nəticələrini yaxşılaşdırmaq üçün imtahanı yenidən verə bilərlər”.

İlqar Orucov qeyd edir ki, aşağı bal əsasən seçim imkanlarını məhdudlaşdırır: “Kolleclərə qəbul yalnız buraxılış imtahanlarının nəticələrinə əsaslanır və bal aşağı olduqda bu imkan azalır. Əgər şagird nə 10-cu sinfə keçmək, nə də kollecə daxil olmaq istəyirsə, alternativ olaraq peşə məktəblərinə müraciət edə bilər. Bu müəssisələrdə qəbul şərtləri daha çevik olur. Nüfuzlu lisey və gimnaziyalara qəbul isə adətən yüksək nəticə göstərən şagirdlər üçün mümkün olur. Aprelin 5-i, 12-si və 26-da keçiriləcək imtahanlar ərəfəsində şagirdlərə tövsiyə olunur ki, son illərin buraxılış suallarını mütləq işləsinlər, xüsusilə açıq tipli tapşırıqlarda cavabların əsaslandırılmasına diqqət yetirsinlər. Çünki ən çox bal itkisi məhz bu hissədə baş verir. Bununla yanaşı, psixoloji hazırlıq da olduqca vacibdir. 11-ci sinif imtahanlarının nəticələri ətrafında yaranan gərginlik 9-cu sinif şagirdlərində qorxu yaratmamalıdır. Valideynlər və müəllimlər bu psixoloji təzyiqi artırmamağa çalışmalıdırlar. Çünki stress birbaşa nəticələrə mənfi təsir göstərir.
Ümumilikdə, imtahan nəticəsindən asılı olmayaraq, şagirdin gələcəyi bununla məhdudlaşmır. Aşağı nəticə yalnız kolleclərə seçim imkanlarını məhdudlaşdırır, lakin təhsili davam etdirmək və gələcəkdə uğur qazanmaq üçün hər zaman alternativ yollar mövcuddur”.

Mütəxəssis xatırladır ki, imtahanların çətinliyi və ya asanlığı ilə bağlı daha dəqiq qiymətləndirməni yalnız imtahanlardan sonra vermək mümkündür: “Bu məsələdə rəsmi qurumların açıqlamaları əsas istinad mənbəyi hesab olunmalıdır”.

Qeyd edək ki, aprelin 5-də ölkənin bir sıra şəhər və rayonlarında 9-cu siniflər üzrə buraxılış imtahanları keçirəcək.

Afaq Mirayiq,
Musavat.com

Chosen
12
musavat.com

1Sources