EN

İrana Gürcüstandan hücum PLANI?

ABŞ-yə məxsus hərbi təyyarənin Tiflisə enişi müxtəlif iddialara səbəb olub-Bakıdan reaksiya

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster” ağır hərbi təyyarəsinin Tiflis Beynəlxalq Hava Limanına düşməsi ilginc iddialara səbəb olub. Xüsusilə ekspertlər və gürcü müxalifəti ABŞ səfirliyinin “texniki enişi” izahının arxasında daha böyük geosiyasi proseslər görürlər. Müxalifət liderlərinin əksəriyyəti ABŞ hava qüvvələrinin fəaliyyətini və ABŞ dövlət katibi Marko Rubionun Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə etdiyi son zəngi İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqələndirir. Gürcüstandan İran sərhədinə ən qısa məsafənin cəmi 160 km (və Tehrana təxminən 1000 km) olduğunu nəzərə alsaq, Tiflis strateji cəhətdən əhəmiyyətli bir mərkəzə çevrilir.

Bəzi ekspertlər qeyd edirlər ki, ABŞ İranda yerüstü əməliyyat hazırlaya bilər və bu kontekstdə Gürcüstan infrastrukturundan istifadə məntiqli görünür. Müxalifətçi Tamar Çerqoleişvili qeyd edib ki, Vaşinqtonun bu cür diqqəti Tiflis üçün müsbət əlamətdir və Gürcüstanın ABŞ-ın həyati maraq dairəsində qaldığını təsdiqləyir. Bu hadisəni sırf texniki eniş kimi təqdim etmək mümkündür, amma regionun hazırkı geosiyasi fonunda belə uçuşlar adətən daha geniş kontekstdə qiymətləndirilir.
ABŞ səfirliyinin “standart əməliyyat” açıqlaması formal olaraq doğrudur — C-17 kimi ağır nəqliyyat təyyarələri tez-tez marşrut üzərində yanacaq və logistika dayanacaqları edir. Lakin İran ətrafında gərginliyin artdığı bir dövrdə bu cür uçuşların Cənubi Qafqazda intensivləşməsi təsadüfi görünmür.
Gürcüstanın coğrafi mövqeyi burada əsas faktordur. İran sərhədinə yaxınlıq və regiondakı logistika imkanları Tiflisin potensial tranzit və ya dəstək nöqtəsinə çevirir. Bu isə o demək deyil ki, dərhal hərbi əməliyyat hazırlığı gedir, amma ABŞ-ın regionda “variantları açıq saxladığını” göstərir.
Müxalifətin bunu siyasi kapitala çevirməsi də gözləniləndir. Çünki, ABŞ-la yaxınlıq Gürcüstan daxilində həm təhlükəsizlik, həm də Qərbə inteqrasiya baxımından müsbət siqnal kimi təqdim olunur. Ümumilikdə, bu hadisə təkcə bir eniş deyil, daha çox böyük oyunda kiçik, amma diqqətəlayiq bir detal kimi görünür.
Yalanın

Siyasi təhlilçi Sona Əliyeva Gürcüstanın bu savaşda hər hansı tərəf olmaqdan çəkinəcəyini düşünür. O, Musavat.com-a dedi ki, ABŞ-ın Gürcüstan üzərindən İrana müdaxiləsi mümkün görünmür: “Bunun bir neçə səbəbi var. Birincisi, Tiflis Bakı və İrəvan qədər hazırda Vaşinqtonun maraq dairəsində deyil. İkincisi, İranla Gürcüstanın birbaşa quru sərhədi yoxdur və havadan müdaxilə üçün daha əlverişli lokasiyalar mövcuddur. Üçüncüsü, Gürcüstan hazırda Rusiyanın təsir dairəsi altındadır. Kreml ABŞ-ın Gürcüstan üzərindən belə bir hazırlıq içərisində olmasını həzm edə bilməz. Yəni Gürcüstan indiki mərhələdə İranla savaş üçün plasdarm rolunu oynamaqdan çəkinəcək. Ona görə ki, gürcülər İranın ortamənzilli raketlərinin olduğunun fərqindədirlər. Bu o deməkdir ki, Gürcüstan Küveytin, Qətərin, Səudiyyə Ərəbistanının gününə düşməkdən çəkinəcək. Yəni ABŞ-a hər hansı bir logistik və ya havadan müdaxilə dəstəyi şimali-qərb qonşumuzu İranın əsas hədəfinə çevirə bilər. Bu baxımdan, Gürcüstanın İran-ABŞ savaşında potensial tranzit və ya dəstək rolunda çıxış edəcəyi inandırıcı deyil. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ağır hərbi-nəqliyyat təyyarəsi Tiflis Beynəlxalq Hava Limanına qısamüddətli eniş edib. Bu nüans da haqlı suallar doğurur. Eyni zamanda, ABŞ-ın Gürcüstandakı səfirliyi hadisəyə münasibət bildirərək enişin tərəfdaşlarla koordinasiya çərçivəsində həyata keçirilən standart hərbi-nəqliyyat əməliyyatı olduğunu açıqlayıb. Deməli, Gürcüstan tərəfi bu cür açıqlama ilə Vaşinqtonun Tiflisdən razılıq ala bilmədiyi mesajını İran tərəfinə, eləcə də digər regional və beynəlxalq oyunçulara lazımı mesaj ötürür ki, rahat olun. Gürcüstan bu kimi qərarların qəbulunda Türkiyə və Azərbaycanın mövqeyini öyrənməyə borcludur. Bununla belə, bir sıra ekspertlər və Gürcüstan müxalifəti hadisəni daha geniş geosiyasi proseslərlə əlaqələndirir. Yəni ABŞ Gürcüstanı plasdarma çevirməkdə maraqlıdır. Onların fikrincə, ABŞ-ın regionda hərbi aktivliyinin artması, o cümlədən dövlət katibi Marko Rubio ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında baş tutan telefon danışığı İran ətrafında gərginliyin artması fonunda baş verir. Robio hazırkı gürcü siyasi elitası ilə dil tapa bilmədiyini də bu istiqamətdə yayılan xəbərlərdən görmək mümkündür. Hazırkı hakimiyyət Rusiyanın təsir dairəsində olduğu üçün amerikalılar gürcülərə sərt əzələ nümayişi də etdirə bilmirlər. Deməli, Gürcüstan variantı ABŞ üçün hələ də "qapalı kart"dır. Bu kartın açıq formada masaya sürülməsi üçün birbaşa Kremlin razılığı vacibdir. İndiki halda, İran Rusiyanın strateji müttəfiqi durumundadır. Yəni Moskva Tiflisin Vaşinqtona logistik dəstək verməsinə "hə" deməsi üçün amerikalılar ağır bədəl ödəməlidirlər. Tramp administrasiyası isə bu tələbləri ödəyəcək durumda deyil. Məncə, İrana müdaxilə üçün indiki məqamda ən uyğun variant Əfqanıstan və Pakistan üzərindən mümkündür”.
Cavanşir ABBASLI
Musavat.com

 

Chosen
7
50
musavat.com

10Sources