ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səhiyyə sektorunda qiymətlərin yüksək olması, pasiyentlərə lazımsız dərmanların təyin edilməsi və ehtiyac olmayan hallarda əməliyyatların aparılması ilə bağlı narazılıqların artdığı bir vaxtda yoxlamalar gücləndirilib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, 2026-cı ilin mart ayı ərzində ümumilikdə 29 yoxlama aparılıb. Bu yoxlamalardan 25-i özəl tibb müəssisələrində, 4-ü isə fiziki şəxslərə məxsus obyektlərdə həyata keçirilib. Yoxlamalar zamanı müxtəlif nöqsanlar aşkarlanıb və nəticədə 26 inzibati protokol tərtib edilib. Onlardan 13-ü hüquqi şəxslər, digər 13-ü isə fiziki şəxslər barəsində tətbiq olunub.
Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, bəzi özəl tibb müəssisələrində lazımsız müayinələr ciddi narahatlıq doğurur:

"Cəmiyyəti ən çox narahat edən məsələlərdən biri bəzi özəl tibb müəssisələrində pasiyentlərə tibbi ehtiyacdan daha çox kommersiya prizmasından yanaşılmasıdır. Lazımsız müayinələrin təyin edilməsi, real zərurət olmadan dərman yazılması, hətta bəzi hallarda ehtiyac olmayan müdaxilə və əməliyyatlara yönləndirmə kimi hallar ciddi narahatlıq doğurur. Bu, artıq təkcə səhiyyə məsələsi deyil, həm də sosial ədalət və vətəndaş hüquqları məsələsidir”.
Deputat qeyd edib ki, qiymətlərin süni şəkildə yüksək saxlanılması da ayrıca problemdir:
"Qiymətlərin süni şəkildə yüksək saxlanılması da ayrıca problemdir. İnsanlar bəzən sağlamlıqlarını qorumaq üçün deyil, maliyyə yükü ilə mübarizə aparmaq məcburiyyətində qalırlar. Halbuki səhiyyə sektoru ilk növbədə insan həyatına xidmət etməlidir, biznes maraqları isə bu missiyanı kölgədə qoymamalıdır”.
Parlamentari bildirib ki, bu cür hallara dövlət tibb müəssisələrində də rast gəlinir:
"Eyni zamanda açıq deməliyik ki, bu cür hallara yalnız özəl sektorda deyil, bəzi dövlət tibb müəssisələrində də rast gəlinir. Bu isə problemin daha geniş və sistemli xarakter daşıdığını göstərir. Ona görə də yanaşma selektiv olmamalı, bütün səhiyyə sistemini əhatə etməli və bu kimi hallara qarşı ciddi, prinsipial mübarizə aparılmalıdır.
Dövlətin mövqeyi də aydın olmalıdır: vətəndaşın sağlamlığı üzərindən qazanc əldə etmək yolverilməzdir. Özəl sektor fəaliyyət göstərməlidir, lakin bu fəaliyyət etik normalar, tibbi standartlar və qanunvericilik çərçivəsində olmalıdır”.
Şahanə Ziyad
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.