EN

Qərb və Rusiya arasında seçim: Paşinyan hakimiyyətini hansı ssenarilər gözləyir? – ÖZƏL

"2026-cı ilin yayında Ermənistanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bu seçkilər ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda Ermənistanda baş verən siyasi təlatümlər cəmiyyət daxilində ciddi parçalanmalara səbəb olub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, ölkədəki bu gərginlik erməni lobisinin Qərb qanadı ilə Rusiya yönümlü qanadı arasında gedən qarşıdurma ilə sıx bağlıdır. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra xarici siyasətdə açıq şəkildə Qərbyönlü kurs götürdüyü üçün, Rusiya yönümlü qüvvələr bu siyasətə ciddi etiraz edirlər. Nəticədə Ermənistanla Rusiya arasında müəyyən fikir ayrılıqları yaranıb ki, bu da mövcud siyasi xəttin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Gözlənilir ki, qarşıdakı seçkilər ciddi qarşıdurmalarla müşayiət olunacaq. Mövcud vəziyyət onu göstərir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün açıq şəkildə Avropa İttifaqı və ümumilikdə Qərbdən dəstək almağa çalışır. Bu isə seçkilərin əsas dayağının xalq iradəsi deyil, xarici dəstək amili ola biləcəyi ilə bağlı narahatlıqlar yaradır.

Ekspert qeyd edib ki, digər tərəfdən, Paşinyanın Vladimir Putin ilə görüşü və Moskvaya səfəri Ermənistanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək istədiyini də göstərir. Çünki Rusiyanın Ermənistandakı təsiri həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan kifayət qədər güclüdür və bu təsir rıçaqları Qərblə müqayisədə daha möhkəm hesab olunur. Paşinyanın apardığı siyasət isə ümumilikdə Qərbə inteqrasiyaya yönəlib və Ermənistanın Rusiya platformasından tədricən uzaqlaşması ilə müşahidə olunur. Bu çərçivədə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərinə yenidən baxması, eləcə də bəzi strateji layihələrdə Qərbin rolunu artırmaq cəhdləri Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir.

Ekspertin sözlərinə görə, Ermənistanın gələcək taleyi onun qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipinə nə dərəcədə əməl etməsindən asılı olacaq. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkənin iqtisadi inkişafı baxımından həlledici rol oynaya bilər. Ermənistanın dünya iqtisadiyyatına inteqrasiya etməsi üçün regional nəqliyyat və kommunikasiya xətlərinə çıxış əldə etməsi vacibdir. Bu baxımdan, Ermənistanın Avropa iqtisadi məkanına inteqrasiyası üçün Türkiyə ilə sərhədlərin açılması və həmin istiqamətdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, ölkə müstəqil və davamlı dövlət kimi fəaliyyət göstərmək istəyirsə, qonşularla münasibətlərini bərpa etməli və regional əməkdaşlığa üstünlük verməlidir. Lakin reallıq göstərir ki, Ermənistan həm tarixi, həm də müasir baxımdan tam müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkir və tez-tez böyük güclərin təsir alətinə çevrilir. Hazırda da müəyyən mənada Qərbin təsiri altında siyasi kursunu formalaşdırdığı müşahidə olunur.

"2026-cı il seçkiləri ilə bağlı ümumi qənaət ondan ibarətdir ki, hakimiyyətin formalaşmasında xalq iradəsi ilə yanaşı, xarici və güc faktorları da mühüm rol oynaya bilər. Bu isə Ermənistanın faktiki olaraq geosiyasi qarşıdurma meydanına çevrildiyini göstərir. Əgər seçkilər nəticəsində radikal və ya avantürist qüvvələr hakimiyyətə gələrsə və yenidən ərazi iddiaları gündəmə gətirilərsə, bu, regionda gərginliyin artmasına səbəb ola bilər. Xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların mövcudluğu belə riskləri artırır. Belə bir ssenaridə, Azərbaycan tərəfindən adekvat cavab tədbirlərinin görülməsi qaçılmaz olacaq. Bu isə regionda yeni qarşıdurma ocaqlarının yaranmasına gətirib çıxara bilər. Bununla yanaşı, Azərbaycan tərəfi indiyədək müxtəlif addımlarla Ermənistan cəmiyyətinə əməkdaşlıq və dinc yanaşı yaşamaq mesajları göndərib. Məsələn, tranzit yüklərin daşınması və müəyyən iqtisadi əlaqələrin qurulması bu mesajların praktiki ifadəsi kimi qiymətləndirilə bilər", - deyə A. Məsiyev vurğulayıb.

Siyasi şərhçi bildirib ki, 2026-cı ilin yayında keçiriləcək seçkilər Ermənistan üçün ciddi sınaq olacaq və ölkənin gələcək siyasi kursunun müəyyənləşməsində həlledici rol oynayacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources