EN

Zamanın çağırışlarını qabaqlayan LİDER

Prezident İlham Əliyevin praqmatik siyasəti beynəlxalq aləmdə heyranlıqla izlənilir və yüksək qiymətləndirilir

Dünyada hərbi-siyasi qarşıdurmaların və qeyri-müəyyənliyin artdığı bir dövrdə dövlətlərin taleyini onların resursları yox, liderlərinin strateji zəkası və uzaqgörənliyi müəyyən edir. Bu gün Azərbaycanın Cənubi Qafqazın hüdudlarını aşaraq qlobal siyasətin mühüm aktorlarından birinə çevrilməsi də Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara söykənən müstəqil siyasətin nəticəsidir.

Azərbaycan liderinin həyata keçirdiyi köklü islahatlar ölkəmizi regionun iqtisadi lokomotivinə və enerji təhlükəsizliyinin qarantına çevirməklə yanaşı, həm də beynəlxalq arenada sözü imzası qədər dəyərli olan etibarlı tərəfdaş statusuna yüksəldib. Ölkəmiz dünyada praqmatik liderliyin və strateji sabitliyin mərkəzi kimi tanınır. Vaşinqtondan Brüsselə qədər ən nüfuzlu siyasi mərkəzlərdə İlham Əliyev fenomeninin ölkəsini və regionu dəyişdirən güclü lider kimi xarakterizə olunması Azərbaycanın qazandığı tarixi Zəfərin və qlobal sabitliyə verdiyi töhfələrin dünya miqyasında qəbul edilməsinin nəticəsidir. 

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun "FII PRIORITY 2026" forumunda səsləndirdiyi ifadələr məhz bu reallığın növbəti təsdiqidir. S.Uitkoff dünyada seçilən liderlərdən bəhs edərkən Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi diqqət çəkib və dövlətimizin başçısı haqqında yüksək fikirlər söyləyib: "Dünyada bir sıra güclü liderlər var. Mən İlham Əliyevi xüsusi qeyd etmək istəyirəm. O, ölkəsini dəyişdirən xüsusi liderdir". Uitkoff qeyd edib ki, bu cür liderlər yalnız öz ölkələrində deyil, qlobal miqyasda da mühüm rol oynayırlar: "Belə liderlər dünya üçün vacibdir, çünki onlar sabitlik yaradır və əməkdaşlıq üçün imkanlar açır". ABŞ rəsmisi əlavə edib ki, belə liderlərlə qurulan münasibətlər beynəlxalq siyasətdə mühüm əhəmiyyət daşıyır: "ABŞ Prezidenti Donald Tramp məhz belə liderlərlə işləməyə üstünlük verir və bu, qlobal proseslərə müsbət təsir göstərir". 

Stiv Uitkoffun çıxışı zamanı vurğuladığı məqamlar yeni geosiyasi reallıqların və ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir. Bu, Azərbaycanın Cənubi Qafqazda "təhlükəsizlik adası" roluna verilən yüksək qiymətdir. Reallıq odur ki, Azərbaycan yalnız regional oyunçu deyil, qlobal proseslərdə həlledici ölkə qismində çıxış edən, rəyi və iradəsi ilə hesablaşılan aparıcı dövlət kimi qəbul edilir. Uitkoffun Azərbaycan rəhbərini "ölkəsini dəyişdirən lider" kimi xarakterizə etməsi Bakının qət etdiyi uğurlu yolun Ağ Evdə dərindən analiz edildiyini göstərir. Burada söhbət yalnız hərbi qələbədən və ərazi bütövlüyünün bərpasından getmir, həm də karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin intellektual kapitala və rəqəmsal iqtisadiyyata yönəldilməsi, idarəçilikdə tətbiq olunan yeniliklər, Azərbaycanın regionun texnoloji mərkəzinə çevrilməsi hədəfləri nəzərdə tutulur. 

Ağ Ev təmsilçisinin çıxışında maraqlı məqamlarından biri də Donald Trampın məhz bu cür güclü liderlərlə işləməyə üstünlük verməsi ilə bağlıdır. Tramp administrasiyası çox vaxt bürokratik ləngimələrdən kənarda olmağı, birbaşa və nəticəyönümlü münasibətləri üstün tutur. Cənab İlham Əliyevin sözü ilə əməli bir olan, milli maraqları kənar təsirlərdən qətiyyətlə qoruyan güclü lider imici D.Trampın praqmatik siyasi baxışı ilə uyğunluq təşkil edir. Önəmli fikirlərin investisiya və gələcək texnologiyaların müzakirə olunduğu forumda səslənməsi də təsadüfi deyil. Bu, beynəlxalq biznes və siyasi dairələrə verilən aydın mesajdır ki, Azərbaycan etibarlı tərəfdaşdır və qlobal gələcəyi formalaşdıran masadadır. Bu bəyanat eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində daha intensiv və strateji tərəfdaşlığa əsaslanan yeni dövrün anonsu da hesab oluna bilər. Uitkoffun sözləri beynəlxalq auditoriyada maraqla qarşılanıb və Azərbaycan liderinin regional və qlobal siyasətdə artan roluna verilən qiymət kimi dəyərləndirilib. 

Prezident İlham Əliyevin beynəlxalq müstəvidə tərəddüdsüz qəbul edilən liderliyi strateji reallıqlara əsaslanan səmimi etiraflardır. Dünyanın ən nüfuzlu siyasətçiləri, aparıcı dövlətlərin başçıları və tanınmış analitiklər Azərbaycan liderinin fəaliyyətini xarakterizə edərkən onun bir neçə fundamental keyfiyyətini xüsusi olaraq vurğulayırlar. Nəzərə alaq ki, beynəlxalq siyasətdə ən çətin qazanılan keyfiyyət etibardır. Bir çox dünya lideri cənab İlham Əliyevi sözü imzası qədər dəyərli rəhbər, verdiyi bütün vədlərə sadiq, prinsipial tərəfdaş kimi tanıyır. Xüsusilə Avropa İttifaqı rəsmiləri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş adlandırır ki, bu etimadın arxasında birbaşa Prezident İlham Əliyevin şəxsi nüfuzu və qətiyyəti dayanır. Tanınmış siyasilər tez-tez qeyd edirlər ki, dövlətimizin başçısı Azərbaycanın böyük güclərin toqquşma meydanına çevrilməsinə imkan verməyən, bütün tərəflərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı bacaran azsaylı liderlər arasındadır. Bu məqam müasir dövrdə nadir rast gəlinən balanslaşdırılmış, müstəqil və qətiyyətli diplomatiya nümunəsidir. 

Azərbaycanın yerləşdiyi coğrafiya mürəkkəb olsa da, İlham Əliyevin yürütdüyü balanslı xarici siyasət regionu böyük güclərin toqquşma meydanından əməkdaşlıq platformasına çevirib. O səbəbdən, Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdıran Prezidentimizin hərbi və diplomatik qələbələri dünya hərb elmində və siyasi auditoriyalarında öyrənilir. Hərbi ekspertlər etiraf edirlər ki, Azərbaycanın 44 günlük müharibədə tətbiq etdiyi texnologiya və taktika XXI əsrin müharibə standartlarını müəyyənləşdirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründəki misilsiz fəaliyyəti və COP29 kimi möhtəşəm tədbirə evsahibliyi də ölkəmzin liderliyinin qlobal müstəvidə qəbul edilməsinin göstəricisi idi. Siyasi dairələrdə cənab İlham Əliyev uzaqgörən lider kimi xarakterizə olunur. Münaqişə ocaqları ilə çalxalanan dünyada Azərbaycanın sabitlik adası olması, təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi, rəqəmsal transformasiyaya uğurlu keçidi, süni intellektin tətbiqi və s. addımlar ölkəmizin müasir vizyonunun göstəriciləridir. Dünya rəsmilərinin İlham Əliyevi "ölkəsini dəyişdirən lider" adlandırması bu fundamental inkişafa verilən qiymətdir.

Prezident İlham Əliyev haqqında deyilən yüksək fikirlər, sadəcə, bir ölkənin rəhbərinə deyil, həm də yeni regional reallıqlar yaradan, qlobal proseslərə təsir etmək gücünə malik olan və öz xalqının maraqlarını ən ali səviyyədə qoruyan dövlət xadiminə verilən beynəlxalq dəyərdir. Bu etiraflar bir həqiqəti qəti şəkildə ortaya qoyur: müasir Azərbaycanın uğurları təsadüflərin deyil, dərin zəka ilə hesablanmış strateji gedişlərin və sarsılmaz siyasi iradənin bəhrəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hadisələrin axınını müəyyən edən, beynəlxalq gündəmə yeni mövzular gətirən güc mərkəzinə çevrilib. Dünən xəyal görünən hədəflərin bu gün reallığa çevrilməsi və dünyanın ən böyük paytaxtlarından eşidilən heyranlıq dolu bəyanatlar tarix yazan və gələcəyi quran bir liderin uzaqgörən siyasətinin nəticəsidir. Dünya sürətlə dəyişsə də, bu dəyişikliklər burulğanında Azərbaycanın yeri sarsılmazdır. Çünki zamanın çağırışlarını qabaqlayan güclü və qətiyyətli liderə sahibik. Əminliklə demək olar ki, Azərbaycanın qlobal siyasətdəki önəmli mövqeyi daim müzakirə predmeti sayılacaq. Bakıdan dünyaya yayılan sülh, əməkdaşlıq və inkişaf mesajları yeni nizamın formalaşmasında əsas istinad nöqtələrindən biri olacaq. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

1Sources