EN

Subasma olan ərazilərdə evlər ucuzlaşacaq? AÇIQLAMA

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Subasma baş verən ərazilərdə daşınmaz əmlak qiymətlərinin necə dəyişəcəyi əsasən tələb və psixoloji amillərlə bağlıdır. Belə hadisələrdən sonra həmin ərazilər müəyyən mənada "riskli zona" kimi qəbul olunur və bu da alıcıların seçim davranışına təsir edir.

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, vətəndaşlar ev alarkən artıq yalnız qiymətə deyil, həm də ərazinin yerləşməsinə, su basma ehtimalına, tikilinin keyfiyyətinə və normativ tələblərə uyğun olub-olmamasına daha ciddi yanaşırlar:

"Bu isə subasma yaşanan ərazilərə marağın azalmasına səbəb ola bilər. Tələbin azalması isə öz növbəsində həmin ərazilərdə qiymət artımını ləngidə və ya müəyyən hallarda qiymətlərin qismən aşağı düşməsinə gətirib çıxara bilər. Bununla belə, daşınmaz əmlak bazarının ümumi vəziyyəti nəzərə alındıqda, kəskin ucuzlaşma ehtimalı yüksək deyil. Çünki bu sahə hələ də ən cəlbedici investisiya istiqamətlərindən biri hesab olunur.

Digər tərəfdən, daha aşağı büdcəyə malik vətəndaşlar üçün münasib qiymətli evlərə tələbat qalmaqda davam edir. Bu da riskli ərazilərdə belə müəyyən alıcı kütləsinin mövcudluğunu təmin edir".

AQC sədri qeyd edir ki, bu cür hadisələr daha çox qısamüddətli psixoloji təsir yaradır:

"Zaman keçdikcə bu təsir zəifləyir və bazarda əsas rol yenidən insanların maliyyə imkanları və əlçatanlıq amili oynayır.

Bununla belə, baş verən hadisələr gələcəkdə alıcıların daha məlumatlı və diqqətli qərar verməsinə səbəb olacaq. İnsanlar ev alarkən həm ərazinin xüsusiyyətlərini, həm də tikilinin keyfiyyətini daha dərindən araşdırmağa üstünlük verəcəklər".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
baku.ws

2Sources