2024-cü ilin avqustunda Bakının Nizami rayonu ərazisində “Mercedes” markalı sementdaşıyan yük avtomobili ilə İsa Əlizadənin idarə etdiyi motosikletlə toqquşan və gəncin ehtiyatsızlıqdan ölümünə səbəb olan Elməddin Məmmədova təyin edilən cəzada dəyişiklik olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı məqamlar yaşanıb.
Belə ki, E.Məmmədovun müdafiəçisi kassasiya şikayətində əvvəlki instansiya məhkəməsinin cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan son həddə yaxın ağır cəza təyin edildiyini, bu zaman məsuliyyəti yüngülləşdirən halları ümumiyyətlə nəzərə alınmadığını bildirib:
“Elməddin günahını etiraf edib, zərərçəkənin hüquqi varisindən, proseslərdə iştirak edən yaxın qohumlarından dönə-dönə üzr istəyib. Elməddin ailəsinə yeganə qazanc gətirən şəxsdir və onun himayəsində 4 azyaşlı uşağı var. Zərərçəkənin hüquqi varisi istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində bildirib ki, 70.000 manat pul versə, Elməddinlə barışmağa və onu bağışlamağa hazırdır. Zərərçəkən bu məbləği səsləndirərəkən həm özü, həm də nümayəndəsi məhkəmə qarşısında bizə birmənalı şəkildə bildirdi ki, məbləğlə bağlı fikirləri qətidir, “alver etməyin” yeri və həmin məbləğin “aşağı-yuxarısı” yoxdur”.
