EN

"Epşteyn işi"ndə sirli qadın - açar ondadır

ABŞ tarixinin ən qalmaqallı cinayət işlərindən biri hesab olunan Ceffri Epşteyn hadisəsi yenidən gündəmə gəlib. Bu dəfə diqqət mərkəzində Epşteynin öldüyü gecə növbədə olan və onu sağ görən sonuncu şəxs hesab edilən həbsxana gözətçisi Tova Noel dayanır. Musavat.com xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi Noeli rəsmi şəkildə ifadə verməyə çağırıb. Məqsəd - 2019-cu il avqustun 9-dan 10-na keçən gecə Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzində (MCC) baş verənlərin qaranlıq məqamlarını aydınlaşdırmaqdır. Milyarder maliyyəçi Ceffri Epşteyn 6 iyul 2019-cu ildə yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı federal ittihamlarla həbs olunaraq Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzinə gətirilmişdi.

O, həbsxananın ən sərt rejimli bölməsi sayılan Xüsusi Mənzil Bölməsində (XMB) saxlanılırdı. 2019-cu il avqustun 10-da isə Epşteyn kamerasında boynuna ilgək bağlanmış vəziyyətdə tapıldı və xəstəxanada öldüyü elan edildi. Rəsmi versiyaya görə, bu hadisə intihar idi. Lakin hadisənin baş verdiyi gecə ilə bağlı ortaya çıxan faktlar illərdir ciddi suallar doğurur. Federal prokurorların materiallarına görə, həmin gecə növbədə olan iki gözətçi – Tova Noel və Maykl Tomas – həbsxanada aparılmalı olan müntəzəm yoxlamaları yerinə yetirməyiblər. Protokola görə, XMB bölməsində hər 30 dəqiqədən bir müşahidə aparılmalı idi.

Lakin istintaq müəyyən edib ki, Epşteynin öldüyü gecə 9 avqust saat 22:30-dan 10 avqust saat 06:30-a qədər heç bir yoxlama aparılmayıb. Buna baxmayaraq, növbə jurnallarında yoxlamaların aparıldığı barədə saxta qeydlər edilib. Noel həmin gecə 75-dən çox saxta qeyd imzalayıb. İstintaq sənədlərinə görə, gözətçilər həmin gecə növbənin bir hissəsini masalarında keçirib, internetdə müxtəlif saytlar axtarıblar və hətta müəyyən müddət yuxuya gediblər. 2023-cü ildə Ədliyyə Nazirliyinin Baş Müfəttişliyinin hesabatında daha bir maraqlı məqam ortaya çıxıb. Video müşahidə kameralarının görüntülərində 9 avqust saat 22:40 radələrində Epşteynin saxlanıldığı mərtəbəyə doğru narıncı rəngli kətan və ya yataq dəsti daşıyan bir fiqur görünür. Bu fakt isə Tova Noelin əvvəlki ifadəsinə şübhə yaradır.

Epşteyn

Noel bildirmişdi ki, Epşteynin özünü asmaq üçün istifadə etdiyi kətanları ona verməyib. İndi Konqres məhz bu ziddiyyətləri araşdırmağa çalışır. Epşteyn işi ilə bağlı sənədlərdə daha bir diqqət çəkən detal da var. Bank sənədlərinə görə Noel Epşteynin ölümündən 10 gün əvvəl hesabına 5 min dollar nağd pul yatırıb. 2018–2019-cu illər ərzində onun hesabına 10 min dollardan çox nağd depozit qoyulub. Bank bu əməliyyatlarla bağlı “şübhəli fəaliyyət hesabatı” hazırlayıb. Bu məlumatlar Epşteynin ölümü ilə bağlı müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Hadisə ilə bağlı ən müəmmalı epizodlardan biri isə internetdə baş verib. Epşteynin ölümündən təxminən 40 dəqiqə sonra, lakin media xəbərlərindən əvvəl, 4 chan forumunda anonim istifadəçi belə bir mesaj yazıb: “Haradan bildiyimi soruşmayın, amma Epşteyn bir saat əvvəl asıldıqdan sonra öldü”.

FTB sonradan bu istifadəçiləri müəyyənləşdirməyə çalışsa da, dinamik IP ünvanları səbəbindən onların kimliyi tam dəqiqləşdirilə bilməyib. İstintaq materiallarında hadisənin aşkar edildiyi an da təsvir olunur. 10 avqust səhər saat 06:33-də məhbuslara səhər yeməyi paylanarkən Maykl Tomas Epşteyni kamerasında ilgəkdə görüb. Noel isə hadisə yerinə gələn nəzarətçiyə belə deyib: “Epşteyn özünü asıb”. Eyni zamanda o, həmin gecə saat 03:00 və 05:00 müşahidələrinin aparılmadığını etiraf edib. Noel və Tomas daha sonra işdən çıxarıldı. Onlara qarşı irəli sürülən federal ittihamlar isə prokurorluqla bağlanan razılaşmadan sonra ləğv edildi. Razılaşmaya əsasən onlar qeydləri saxtalaşdırdıqlarını etiraf etdilər. 100 saat ictimai iş cəzası aldılar. Epşteyn işi üzrə istintaqla əməkdaşlıq etməyə razılaşdılar. İndi isə ABŞ Konqresinin Nəzarət Komitəsi Tova Noeli rəsmi şəkildə ifadə verməyə çağırıb. Komitə hesab edir ki, Epşteynin öldüyü gecə ilə bağlı ən vacib şahid məhz odur.
Komitənin sədri, konqresmen Ceyms Komer artıq bildirib ki, Noel çağırışa tabe olmasa, rəsmi məhkəmə çağırışı veriləcək. Epşteyn işi isə hələ də ABŞ-da ən çox müzakirə olunan siyasi-cinayət qalmaqallarından biri olaraq qalır. Çünki bu iş təkcə bir milyarderin ölümü deyil – onun əlaqədə olduğu iddia edilən siyasətçilər, milyarderlər və dünya elitası ilə bağlı suallar da hələ cavabsızdır.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
35
50
musavat.com

10Sources