EN

“Qarabağ” nigeriyalı futbolçularla müqavilə imzalayacaq? – əsas heyətlə bağlı plan açıqlandı

Bilindiyi kimi, hazırda iki nigeriyalı futbolçu “Qarabağ”ın düşərgəsində baxışdadı. Söhbət Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodan gedir. Biri hücumçu, digəri isə müdafiəçidi.

Bəs, bu futbolçularla bağlı qərar verilibmi? Onlarla müqavilə imzalanacaqmı? Kollektivə başqa legionerlərin də cəlb edilməsi planlaşdırılırmı?

Bu suallarla “Qarabağ” akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Üçhəftəlik baxışa gəliblər. Artıq iki həftə geridə qalıb. Yekun qərar hələ verilməyib. Bu həftə ölkələrinə qayıdacaqlar. Lazım olacağı təqdirdə onları yayda çağıracağıq. U-19 komandamızın heyətində oynamaq ehtimalları var. Hələ tələsmirik. Kaliforniyada yaşayan, ABŞ vətəndaşı olan futbolçu Altay Ordubadi də düşərgəmizdədi. O, əvəzedici heyətdə çıxış edə bilər. Bir müddət seleksiya səfəri gözlənilmir. İlboyu axtarışda oluruq. Bu arada nigeriyalı futbolçulara görə hansısa xərcimiz çıxmayıb. Çünki bizi Nigeriyadan dəvət etmişdilər. Bütün məsrəfləri də özləri qarşılayıblar”.

Aftandil bəy klubun gənc legionerlərlə bağlı planını da açıqladı:

“Məqsədimiz həm onları inkişaf etdirib əsas heyətə qazandırmaq, həm də U-19 komandamız Çempionlar Liqasında çıxış edəcəyi halda xidmətlərindən yararlanmaqdı. Çünki o turnirdə əcnəbi futbolçuların iştirakına icazə verilir. Düzdü, ölkələrinin milli komandalarına dəvət alanları bura gətirmək çətindi. Amma yığmadan kənarda qalan istedadlı oyunçular da var”.

KƏNAN BAHADIR
Chosen
42
football-plus.az

1Sources