EN

İxtisarları zəruri edən şərtlər və gizli tərəfləri

Neftin bahalaşması ölkəyə büdcədə nəzərdə tutulmayan əlavə gəlirlərin daxil olması deməkdir, hökumət bu fürsəti düzgün qiymətləndirməlidir

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri davam edir. Ötən ilin sonlarından başlayan və dövlət orqanlarında işçi heyətin optimallaşdırılmasını nəzərdə tutan proses getdikcə genişlənir. İndiyədək yerli icra hakimiyyətlərində aşağı vəzifələri, həmçinin son illərdə yaradılan ictimai iş yerlərini əhatə edən ixtisarların orta və nisbətən yuxarı ranqlı şəxslərə də çatacağı gözlənilir. Belə ki, bu ilin əvvəlindən çoxsaylı dövlət qurumlarının, institutların birləşdirilməsi, bəzilərinin ləğvi nəticəsində bundan sonrakı mərhələdə rəhbər vəzifələrdəki məmurların ixtisarı sürətlənəcək. Eyni zamanda paralelliyin aradan qaldırılması birləşdirilən müxtəlif dövlət qurumlarında eyni işi yerinə yetirən mütəxəssislərin də ixtisarını qaçılmaz edəcək.

Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, dövlət xərclərində səmərəliliyin artırılması işləri ilk növbədə dövlət aparatında ixtisarlardan başlayır. Lakin heç də bütün ölkələrdə bu proses etirazlarsız, ağrısız getmir. Dünyanın bir nömrəli iqtisadiyyatına malik olan ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra milyarder İlon Maskın rəhbərlik etdiyi DOGE departamentinin ixtisar planlarının yaratdığı mənzərə məlumdur: dövlət qurumlarında ixtisar edilmiş 10 minlərlə şəxs məhkəmə iddiaları qaldırıb. Bəzi məlumatlara görə, hazırda ABŞ məhkəmələrində 121 mindən yuxarı belə iddiaya baxılır. DOGE-nin ixtisar siyasəti bir neçə ayın içində İlon Maska qarşı Amerika cəmiyyətində böyük etirazın formalaşmasına, onun sahibi olduğu şirkətlərin bazar dəyərini itirməsinə gətirib çıxardı. Bu proses ixtisarların tamamən Ağ Ev administrasiyasının gündəmindən çıxarılmasına səbəb oldu.

Azərbaycanda da son aylarda ixtisarlar məsələsi ağrılı müzakirələrə səbəb olmaqdadır. Aydın məsələdir ki, bu ixtisarları zəruri edən səbəblər də var. Bir çox müşahidəçilərə görə, bu cür ixtisarlar sosial gərginliklər də yarada, bu da hazırda bölgəmizdəki gərginlik fonunda anti-Azərbaycan qüvvələrə fürsət verə bilər. Hesab olunur ki, son aylarda dövlət və özəl sektorda müşahidə olunan ixtisarlar təkcə iqtisadi proses deyil, həm də sosial və təhlükəsizlik müstəvisində qiymətləndirilməli olan bir tendensiyadır. Bu prosesin arxasında bir neçə obyektiv səbəb dayanır: postpandemiya dövründə iqtisadi strukturun yenidən qurulması, rəqəmsallaşma nəticəsində bəzi iş yerlərinin sıradan çıxması, xərclərin optimallaşdırılması siyasəti və qlobal bazarlardakı qeyri-sabitlik.

Lakin müşahidəçilərə görə, məsələ yalnız iqtisadi rasionallıqla məhdudlaşmır. Kütləvi və ya ardıcıl ixtisarlar cəmiyyətdə narahatlıq yarada, xüsusilə orta və aşağı gəlir qruplarında sosial gərginliyi artıraraq etimad mühitinə təsir göstərə bilər. Bu isə regionda onsuz da mövcud olan geosiyasi gərginlik fonunda əlavə risklər yaradır.

Belə bir şəraitdə sosial narazılıqların informasiya müstəvisinə daşınması ehtimalı da yüksəlir. Bildirilir ki, xarici təsir mərkəzləri və anti-Azərbaycan qüvvələr bu cür həssas məqamları manipulyasiya edərək ictimai rəyi yönləndirməyə, narazılıqları dərinləşdirməyə və daxili sabitliyə xələl gətirməyə çalışa bilərlər. Xüsusilə sosial şəbəkələr üzərindən dezinformasiya kampaniyaları bu prosesdə əsas alətlərdən biri kimi çıxış edir.

Mütəxəssislərə görə, bunun qarşısını almaq üçün bir neçə istiqamətdə paralel addımlar vacibdir. İlk növbədə, ixtisarların səbəbləri və məqsədləri ictimaiyyətə şəffaf və aydın şəkildə izah olunmalıdır. İnsanlar baş verənləri başa düşdükdə, qeyri-müəyyənlik azalır və manipulyasiya imkanları daralır.

Digər tərəfdən, sosial müdafiə mexanizmləri gücləndirilməlidir. İşini itirən şəxslər üçün yenidən ixtisaslaşma proqramları, müvəqqəti sosial dəstək paketləri və məşğulluq imkanlarının genişləndirilməsi bu prosesin mənfi təsirlərini yumşalda bilər.

Eyni zamanda informasiya təhlükəsizliyi məsələsi də diqqət mərkəzində saxlanmalıdır. Dövlət qurumları və media operativ, dəqiq və məsuliyyətli kommunikasiya apararaq dezinformasiyanın qarşısını almalıdır.

Nəticə etibarilə, ixtisarlar müəyyən mənada qaçılmaz iqtisadi addım kimi görünə bilər, lakin onların idarə olunma forması həlledici rol oynayır. Düzgün idarə olunmadıqda bu proses sosial narazılıq və xarici təsirlərə açıq zəmin yarada bilər. Əks halda isə struktur islahatlarının bir hissəsi kimi daha dayanıqlı iqtisadi modelin qurulmasına xidmət edə bilər.

Bu baxımdan, əhalinin aztəminatlı təbəqələrinin dəstəklənməsi üçün son illərdə yaradılan ictimai iş yerlərinin ixtisarına maksimum yol verilməməlidir: bu işlərin 90 faizindən çoxu minimum əməkhaqqı ödənişlə fəhlə-xidmətçi işləridir. Regionlarda bu iş yerləri aztəminatlı əhalinin ailə büdcəsi üçün mühüm dəstək deməkdir.

Digər bir məsələ ixtisarlar zamanı dövlət qurumlarında yetişmiş peşəkar mütəxəssislərin qorunmasıdır. Elə sahələr var ki, onlar üzrə mütəxəssislərin yetişdirilməsi illərlə vaxt tələb edir. Belə mütəxəssislərin kiçik ixtisaslaşma ilə digər sahələrdə işə cəlb edilməsi dövlət idarəetməsində səmərəliliyin təmin olunması baxımından vacibdir.

Nəhayət, prosesin kütləvi narazılığa səbəb olmaması üçün ixtisar olunan şəxslərə digər sahələrdə iş tapanadək İşsizlikdən Sığorta Fondu vasitəsilə dəstək mexanizmi tam tətbiq olunmalı, bu sahədəki bəzi maneələr aradan qaldırılmalıdır. Hələlik regionlardan alınan məlumatlar yerli icra orqanlarında kompensasiya və işsizlik sığortası ödənməməsi üçün bir çox şəxslərin ixtisar deyil, öz ərizəsi ilə işdən çıxarmaq cəhdlərinin olduğunu göstərir. Bu, çox yanlış bir addım olmaqla, əhali arasında narazılığı gücləndirəcək amilə çevrilə bilər.

Özəl sektordakı ixtisarların səbəbləri arasında bu ildən əməkhaqqına hesablanan gəlir vergisinin bərpası, həmçinin büdcə xərcləmələrində artımın olmaması səbəbindən dövlət sifarişlərinin azalması mühüm yer tutur. Məlumdur ki, xüsusilə tikinti, təmir və xidmət sahəsində dövlət sifarişləri özəl şirkətlərin çoxunun əsas gəlir mənbəyidir. Bu il sifarişlərin azalması həmin şirkətləri işçi ixtisarlarına getməyə vadar edir.  Digər sahələrdə çalışan şirkətlər üçün də dövlət sifarişlərinin azalması dolayı yolla mənfi təsir göstərir: onların məhsullarının alıcılıq qabiliyyəti aşağı düşür və sair. Bu halda həmin şirkətlər də ixtisarlara getməyə məcbur olurlar.

ABŞ və İsrailin İrana qarşı əməliyyatı dünya enerji bazarında qiymətləri artırmaqla Azərbaycan üçün müsbət fürsətlər yaradır. Əsas ixrac məhsulumuz olan neftin bahalaşması ölkəyə büdcədə nəzərdə tutulmayan əlavə gəlirlərin daxil olması deməkdir. Hökumətin bu fürsəti düzgün qiymətləndirməklə, əlavə vəsaitləri iqtisadi aktivliyin artırılması, real iqtisadiyyatın dəstəklənməsi layihələrinə yönəltməsi son aylarda gedən ixtisarların mənfi təsirlərini aradan qaldırmaq baxımından ən effektiv yol ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Chosen
42
musavat.com

1Sources