EN

Evlərə dolan suyu çəkmək əvəzinə motoru videoya çəkiblər? - Sakinlərin iddiasına cavab

Son günlər yağan güclü yağışlar bir çox ərazilərdə, xüsusilə aşağı sahələrdə yerləşən yaşayış məntəqələrində problemlərə səbəb olub. 

Belə hallardan biri də Masazır qəsəbəsinin Həsən Əliyev küçəsində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan şikayətlər narahatlıq doğurur. Sakinlərin bildirdiyinə görə, intensiv yağışlardan sonra ərazidə yüzlərlə ev hələ də dizəcən suyun içində qalıb. 

Əvvəlcə problemin miqyası daha kiçik göstərilsə də, yerli əhali vəziyyətin daha ciddi olduğunu və çox sayda fərdi yaşayış evinin su altında qaldığını qeyd edir. İddialara əsasən, yaranmış vəziyyətlə bağlı nə Abşeron Rayon İcra Hakimiyyəti, nə də “Azərsu” tərəfindən operativ və effektiv tədbirlər görüb. 

Sakinlər bildirirlər ki, problem günlərdir davam etsə də, aidiyyəti qurumların əraziyə ciddi müdaxiləsi hiss olunmur: 

“Çarəsiz qalan yerli əhali suyun səviyyəsini azaltmaq üçün öz imkanlarına müraciət edərək müxtəlif vasitələrlə motor qurğuları tapıb, küçə və həyətlərdə yığılan suları kənarlaşdırmağa çalışıb”. 

Lakin iddialara görə, bu zaman sabiq “Azərsu”ya məxsus avtomobillə əraziyə gələn şəxslər problemi aradan qaldırmaq əvəzinə, işləyən motorun videoya çəkilməsi ilə kifayətləniblər:

Sakinlərin suallarına cavab olaraq isə bu çəkilişlərin “rəhbərliyə görülən işlər kimi təqdim olunacağı” bildirilib. 

Məsələ ilə bağlı “Cebheinfo.az” –a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır: 

“Aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışların nəticəsində Masazır qəsəbəsinin Həsən Əliyev küçəsində kanalizasiya kollektorunda yüklənmə baş verib. Axan suların həcmi kollektorun daşıma gücündən dəfələrlə çoxdur. 

Bu səbəbdən suları ötürən nasos stansiyasının fəaliyyətində problem yaranıb. Hazırda problem aradan qaldırılmaqdadır. Stansiya işə düşən kimi suların kollektora ötürülməsi prosesi istismar qaydalarına uyğun olaraq bərpa olunacaq”. 

Chosen
45
1
cebheinfo.az

2Sources