EN

Pakistan, Əfqanıstan və Çin Urumçidə gərginliyin azaldılmasını müzakirə edib

Üçtərəfli görüşdə təhlükəsizlik və iqtisadi əməkdaşlıq arasında balans axtarılıb...

Poliqon xəbər verir ki, bu barədə Pakistanın Dawn nəşri yüksək vəzifəli XİN rəsmisinə istinadən məlumat yayıb. Pakistan, Əfqanıstan və Çin rəsmiləri çərşənbə günü Çinin Urumçi şəhərində üçtərəfli mexanizm çərçivəsində bir araya gəliblər.

Qeyd olunur ki, 26 fevral tarixində Pakistanın Əfqanıstana qarşı “Qazab lil-Hak” əməliyyatına başlamasından sonra, rəsmi İslamabadın “terrorçulara qarşı mübarizə” kimi təqdim etdiyi bu addım fonunda tərəflər arasında diplomatik təmaslar demək olar ki, dayanıb.

Pakistan XİN nümayəndəsi bildirib ki, bu görüş “klassik vasitəçilik cəhdi” hesab edilmir. Onun sözlərinə görə, əsas məqsəd son eskalasiya ilə bağlı fikir mübadiləsi aparmaqdır və ciddi nəticələrin əldə olunacağı gözlənilmir. Bununla belə, Çin tərəfi etimadın möhkəmləndirilməsi üçün konkret addımların, o cümlədən ticarət marşrutlarının bərpasının vacibliyini vurğulayır.

Görüş zamanı rəsmilər regiondakı dəyişən vəziyyəti ətraflı müzakirə edərək təhlükəsizlik problemləri ilə iqtisadi prioritetlər arasında tarazlıq yaratmağa çalışırlar. Diplomatik mənbələr bildiriblər ki, Pakistan Əfqanıstan ərazisində fəaliyyət göstərdiyi iddia olunan “Təhrik-i-Taliban Pakistan” (TTP) qruplaşmasının sığınacaqları ilə bağlı narahatlığını yenidən gündəmə gətirib.

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndələri bu narahatlıqları nəzərdən keçirməyə hazır olduqlarını bəyan etsələr də, TTP-nin Pakistan ərazisindəki fəaliyyətinə görə birbaşa məsuliyyət daşımadıqlarını bildirirlər. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar çərçivəsində etimadın artırılması və gərginliyin azaldılması tədbirləri də müzakirə olunur.

Məlumata görə, Pakistan Əfqanıstanla ticarət yollarının bərpası və iqtisadi əməkdaşlığın yenidən qurulmasına açıq mövqe nümayiş etdirir. Pakistanlı rəsmilərdən biri qeyd edib ki, bu yanaşma təhlükəsizlik sahəsində əsas fikir ayrılıqları qalsa belə, iqtisadi imkanlardan istifadə etməklə gərginliyin idarə olunmasına yönəlib.

Digər mənbənin sözlərinə görə, Pekin Çin paytaxtında səfərdə olan Pakistanın baş nazirinin müavini İshaq Dardan danışıqlarda iştirak etməyi xahiş edib. Bildirilir ki, Kabul da İslamabadın dialoqa cəlb olunması üçün Çindən vasitəçilik istəyib. Eyni zamanda, Çin Əfqanıstanda fəaliyyət göstərdiyi deyilən Şərqi Türküstan İslam Hərəkatı (ETIM) adlı transmilli terror təşkilatından da narahatdır.

Poliqon.info

Chosen
69
poliqon.info

1Sources