EN

Tramp Konqresin razılığı olmadan ABŞ-ni NATO-dan ÇIXARA BİLMƏZ

Tramp Konqresin təsdiqi olmadan ABŞ-ı NATO-dan çıxara bilməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio müttəfiqlərini İranla müharibədə kifayət qədər dəstək verməməkdə tənqid edərək, ABŞ-nin NATO-dakı üzvlüyünə yenidən baxıla biləcəyini bəyan ediblər.

Lakin ekspertlər qeyd edirlər ki, ABŞ-nin Şimali Atlantika Alyansından rəsmi şəkildə çıxması hüquqi cəhətdən çətin olacaq.

Belə ki, 2023-cü ildə Konqres prezidentin birtərəfli qaydada ölkənin NATO müqaviləsindəki iştirakını dayandırmasını və ya ləğv etməsini qadağan edən qanun qəbul edib.

Bunun üçün ya Senatın üçdə iki səs çoxluğu ilə razılığı, ya da ayrıca qanunun qəbul edilməsi tələb olunur. Bununla belə, analitiklər Alyansın faktiki zəifləməsi riskinə qarşı xəbərdarlıq edirlər.

NATO-nun əsas elementi olan kollektiv müdafiə prinsipi – yəni üzvlərdən birinə hücumun ABŞ də daxil olmaqla kollektiv cavaba gətirib çıxaracağına dair inam – hazırda təhlükə altındadır.

Müqavilənin 5-ci maddəsi hücuma məruz qalmış müttəfiqə kömək göstərilməsini nəzərdə tutsa da, onun tərtibatı ölkələrə geniş şərh imkanları verir.

Əgər Vaşinqton hərbi güc tətbiqini qeyri-məcburi hesab edərsə, Alyans hüquqi cəhətdən mövcud qalsa belə, Avropa ölkələri üçün real təhlükəsizlik zəmanətləri şübhə altına düşəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
77
13
interpress.az

9Sources