“Zaminbank”ın (fəaliyyəti dayandırılıb-red) həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4.7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib.BUTA.TVTeleqraf-a istiandən xəbər verir ki, söhbət “Egerton Gardens” yaşayış kompleksində yerləşən mənzildən gedir. Çelsi bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. “Egerton Gardens” həm də ortasında yerləşən öz bağ sahəsi ilə seçilir. Bu bağ sahəsi yalnız burada evləri olan sakinlər üçündür. Bu ərazi Londonda çox bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt-sterlinq dəyərində ölçülür. Binanın inşa tarixi 1886-cı ilə təsadüf edir, memarlıq əsasən Viktoriya dövrünə aiddir. Burada tarixən məşhur şəxslər yaşayıb. Onlardan biri də İngiltərədə edam olunan son qadın Ruth Ellis olub. “Egerton Gardens”in yerləşdiyi küçə çox sakit və trafikdən uzaqdır. Ətrafda əsasən varlı ailələr, diplomatlar və iş adamları yaşayır, təhlükəsizlik yüksək səviyyədədir. Bağ yalnız sakinlərə aid olduğu üçün özəl həyat çox qorunur. Bu, Londonun mərkəzində olub, amma səs-küydən uzaq bir həyat tərzi deməkdir. Nadir İsmayılov belə bir əmlakın əldə çıxmaması üçün çox çalışıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsinin sakini olan sabiq bankir kassasiya şikayəti vermək üçün buraxdığı müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Lakin onun şikayəti təmin olunmayıb. Onu da əlavə edək ki, bankirin Birləşmiş Krallığın “HSBC” bankında Nadir İsmayılov adlı hesabdan “Ata” təyinatı ilə köçürülmüş 2 470 000 Britaniya funt-sinterlinqi də aşkar edilərək müsadirə olunub. Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. O, bu cinayət əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Nadir İsmayılovun cəzası sonradan 4 il azaldılıb. Sabiq bankirin Bakıdakı bir sıra mülkləri və bahalı avtomobilləri müsadirə olunub.