EN

Avropa İran müharibəsinə qarşı - SƏBƏB

Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta Avropa ölkələrinin ABŞ və İsrailin İrana hücumlarını dəstəkləmədiyini diqqətə çatdırıb. Bu barədə o, "X" platformasında etdiyi paylaşımda bildirib. Avropa ölkələrinin ABŞ və İsrailin İrana hücumlarını dəstəkləmədiyi barədə deyilənlər doğrudurmu? Avropa ölkələri ABŞ və İsrailin İrana hücumlarını hansı səbəblərə görə dəstəkləmirlər?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Koştanın dediyi fikir ümumi tendensiyanı əks etdirir, amma bütün Avropa ölkələri üçün 100% eyni mövqe deyil:

“Koştanın açıqlaması ümumi siyasi xətti əks etdirir. Avropa müharibə deyil, diplomatiyanı istəyir. Amma reallıqda mövqelər ölkədən ölkəyə dəyişir. Bəzi dövlətlər ABŞ və İsrailə daha yaxın dayanır. Digərləri isə daha sərt şəkildə hərbi əməliyyatlara qarşıdır”.

Politoloqun sözlərinə görə, Avropa ölkələri hücumları ona görə dəstəkləmir ki, müharibənin genişlənməsi riskindən, İranın hədəfinə çevrilməkdən ehtiyatlanırlar:

“Onlar əmindirlər ki, İrana qarşı müharibəyə qoşulmaq, dəstəkləmək bölgədə daha böyük regional müharibəyə səbəb ola bilər. Diqqət edirsinizsə hətta NATO üzvü olan Avropa dövlətləri belə, Trampın bütün çağırışlarına, giley-güzarına, hədələrinə rəğmən İrana qarşı müharibəyə dəstək vermirlər. Halbuki onlar NATO çətiri altında ABŞ ilə müttəfiqdirlər. Avropa dövlətlərini çəkindirən daha bir amil İrana qarşı müharibəyə dəstəyin enerji və təhlükəsizlik böhranını dərinləşdirə biləcəyindən çəkinmələridir. Avropa problemin hərbi yox, siyasi həll yolunu üstün tutur. Avropa ölkələri adətən BMT mandatı olmadan geniş hücumlara ehtiyatla yanaşır. İrana qarşı əməliyyatlar üçün isə BMT mandatı yoxdur. Avropa ölkələri İsrailin təhlükəsizliyini dəstəkləyir, amma bu, İrana qarşı genişmiqyaslı hücumları avtomatik dəstəkləmək demək deyil”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
26
21
musavat.com

10Sources