Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycanda və beynəlxalq təcrübədə kiberrisklər üzrə sığorta imkanları artmaqda olsa da, vətəndaşların maliyyə itkilərindən tam qorunması hələ mümkün deyil. Müasir bankçılıq və rəqəmsal ödəniş sistemlərində kiberrisklər üzrə sığortanın effektivliyi nə qədərdir və vətəndaşlar hansı hallarda bu sığortadan real fayda əldə edə bilərlər?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanda kiberrisklər üzrə sığorta sahəsi hələ formalaşma mərhələsində olsa da, artıq bəzi yerli sığorta şirkətləri tərəfindən fərdi və korporativ müştərilər üçün “Kiberməsuliyyət” və “Elektron pul kisəsinin sığortası” kimi məhsullar təqdim olunmağa başlanıb.
“Bu məhsullar əsasən bank kartlarından vəsaitlərin icazəsiz çıxarılması, kiberfırıldaqçılıq və ya sistem qəzaları nəticəsində yaranan birbaşa maliyyə itkilərini hədəf alır. Lakin mövcud kiberrisklər üzrə sığortanın effektivliyi birbaşa olaraq hadisənin sübuta yetirilmə mexanizmi ilə bağlıdır; yəni əgər itki bankın sistemindəki texniki boşluqdan qaynaqlanırsa, sığorta ödənişi realdır, lakin vətəndaş özü ehtiyatsızlıqdan (məsələn, saxta linkə keçid edərək məlumatlarını daxil etməsi) qurban olubsa, bu hal çox vaxt sığorta təminatından kənarda qalır.
Vətəndaşlar üçün bu sığorta növündən real fayda əldə etməyin əsas şərti, hadisə baş verdikdə dərhal hüquqi və texniki ekspertizanın aparılması və zərərin müəyyən edilmiş limitlər daxilində sənədləşdirilməsidir. Yerli bazarda bu məhsulların inkişafı üçün sığorta şirkətləri ilə banklar arasında daha dərin inteqrasiya və rəqəmsal sübutların qəbulu prosesinin sadələşdirilməsi vacibdir. Nəticə etibarilə, kiberrisklər üzrə sığorta bir “təhlükəsizlik yastığı” olsa da, o, fərdi informasiya gigiyenası və rəqəmsal savadlılıqla tamamlanmadıqca tam qorunma təmin edə bilmir. Çünki müasir hibrid təhdidlər zamanı ən zəif bənd texnologiya deyil, çox vaxt manipulyasiyaya məruz qalan insan faktorudur”, - deyə E.Abbasov qeyd edib.