
Son dövrlərdə min illərdir bizə gəlib çatan mükəmməl adət-ənənəmizi, milli dəyərimiz olan Azərbaycan toyunu itirməkdəyik. İndiki mərasimləri artıq toy adlandırmaq çətindir; bunlar daha çox göstərişli və əyləncəli şou proqramlarını xatırladır. Toylarda məqsəd və mahiyyət arxa plana keçir, yalnız formaya, dəbdəbəyə və rəngarəng proqramlara üstünlük verilir. Toy üçün alınan bahalı paltarlar, zəngin süfrələr və şoular orta təbəqəli ailələrə ciddi maddi zərər vurur.
Bu barədə sosioloq Elçin Bayramlı Missiya.Az-a açıqlamasında danışıb."Toyun əsas mahiyyəti yaxınların yeni qurulan ailəni təbrik etməsi, xeyir-dua verməsi və onlara maddi-mənəvi dəstək göstərməsidir. Toyda yığılan vəsaitlər isə çox vaxt yeni ailənin ehtiyaclarına deyil, restoranların, şadlıq saraylarının və əyləncə mərkəzlərinin gəlirinə çevrilir. Yeni qurulan ailələr toy xərclərini qarşılamaq üçün borc və kredit götürür, bu da gələcəkdə ciddi maliyyə problemləri yaradır",-sosioloq bildirib.
Elçin Bayramlının sözlərinə görə, tarixi bir rekord kimi boşanmaların yüksək səviyyəyə çatması ailə institutunun zəifləməsinə səbəb olur. Ailələrin mənəvi dəyərlər deyil, daha çox maddi göstəricilər üzərində qurulması və toyların dəbdəbə naminə keçirilməsi bu problemin əsas səbəblərindən biridir. Dünyanın bir çox ölkələrində toylar daha sadə və ənənəvi şəkildə keçirilir, lakin bizdə israfçılıq və dəbdəbə daha geniş yayılıb."Yas mərasimlərində olduğu kimi, toylarla bağlı da müəyyən qaydalar və məhdudiyyətlər tətbiq edilə bilər. Təkcə maarifləndirmə kifayət etmədiyi üçün inzibati mexanizmlərin tətbiqi də vacib hesab olunur. Bu problemin həlli üçün həm cəmiyyətin, həm də dövlətin birgə fəaliyyət göstərməsi zəruridir",-E.Bayramlı əlavə edib.
İlahə QənbərliMissiya.Az